Dünya
8370
07 Jan 2026 | 19:45

"Atlantikada təhlükəli eskalasiya: ABŞ Rusiyaya məxsus tankerə nəzarəti ələ aldı" - "The Wall Street Journal"

"Sanksiyalı neft tankerinin ətrafında yaranan böhran Vaşinqton və Moskva arasında gərginliyi açıq qarşıdurma mərhələsinə yaxınlaşdırır..."

ABŞ Şimali Atlantikada Rusiyaya bağlı hesab edilən "Marinera" neft tankerinə qarşı əməliyyatı faktiki olaraq tamamlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "wsj.org" nəşri məlumat yayıb.

Sanksiya əməliyyatı açıq dənizdə güc nümayişinə çevrildi

Məlumatda deyilir ki, iki həftədən artıq davam edən təqibdən sonra ABŞ hərbçiləri tankerə çıxaraq nəzarəti ələ keçirib. Əməliyyat ABŞ Müdafiə Nazirliyi və Ədliyyə Nazirliyinin birgə fəaliyyəti çərçivəsində həyata keçirilib.

Sözügedən tanker əvvəllər "Bella 1" adı ilə tanınıb və Vaşinqtonun iddiasına görə, İrandan Venesuelaya neft daşımaqla sanksiyaları pozub. ABŞ sahil mühafizəsi gəmini əvvəlcə Karib hövzəsində saxlamağa çalışsa da, ekipajın müqavimətindən sonra təqib Atlantik okeanına qədər uzanıb.

Rusiya bayrağı, sualtı qayıq və "qırmızı xətlər"

Təzyiqlər fonunda ekipaj gözlənilməz addım atıb: tanker üzərinə Rusiya bayrağı çəkilib, adı "Marinera" olaraq dəyişdirilib və gəmi təcili şəkildə Rusiya reyestrinə daxil edilib. Bundan sonra ABŞ əməliyyatı qısa müddətə dayandırsa da, vəziyyət tezliklə yeni mərhələyə keçib.

Nəşr yazır ki, Moskva tankerə dəstək məqsədilə Şimali Atlantikaya sualtı qayıq və digər Hərbi Dəniz Qüvvələri gəmiləri göndərib. Bu addım Vaşinqton tərəfindən dənizdə sanksiyaların icrasına qarşı açıq çağırış kimi qiymətləndirilib və 
ABŞ-Rusiya münasibətlərində təhlükəli eskalasiya riski yaradıb.

Ekspertlər qeyd edir ki, bayrağın dəyişdirilməsi hüquqi baxımdan mübahisəli olsa da, ABŞ üçün əməliyyatı siyasi və hərbi baxımdan xeyli mürəkkəbləşdirib. Buna baxmayaraq, Vaşinqton geri çəkilməyib və sonda güc tətbiq edib.

Ələkeçirmə əməliyyatı və yeni presedent

"Reuters" agentliyinin məlumatına görə, ABŞ hərbçiləri tankerə helikopterlə çıxıb və gəmini saxlayıblar. Tanker hazırda İslandiya və Farer adaları yaxınlığında ABŞ nəzarəti altındadır. Vaşinqton bu addımı "qanunsuz neft daşımalarına qarşı sanksiya icrası" kimi təqdim edir.

Moskva isə baş verənləri beynəlxalq dəniz hüququnun pozulması kimi qiymətləndirir və hadisənin təhlükəli presedent yaratdığını bildirir. Rusiyanın mövqeyinə görə, açıq dənizdə başqa dövlətin bayrağı altında üzən gəminin güc yolu ilə ələ keçirilməsi qlobal ticarət və təhlükəsizlik üçün ciddi riskdir.

Analitiklərin fikrincə, "Marinera" ətrafında yaşananlar təkcə bir tanker məsələsi deyil. Bu hadisə göstərir ki, sanksiyalar getdikcə iqtisadi alətdən çıxaraq faktiki dəniz blokadasına və güc nümayişinə çevrilir. Atlantikada baş verənlər isə böyük dövlətlərin "icazə verilən həddləri" real şəraitdə sınaqdan keçirdiyini açıq şəkildə ortaya qoyur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər