Norveçin "Equinor" enerji şirkətinin baş direktoru Anders Opedal bildirib ki, onlar Venesuelada fəaliyyətlərini bərpa etmək niyyətində deyillər.
Moderator.az xəbər verir ki, bu barədə direktor "Reuters"ə açıqlama verib.
"Hazırda bu, müzakirə edilmir. Biz Venesuelanı tərk etdik, çünki kapitalı yenidən bölüşdürmək istəyirdik", - deyə A.Opedal bildirib.
Norveç şirkəti Venesuelanın neft və qaz sənayesinə 1990-cı illərin ortalarında daxil olub, milyardlarla dollar sərmayə qoyub və ölkəni öz fəaliyyətinin əsas hissəsi kimi müəyyənləşdirib. 2021-ci ildə isə "Equinor" Venesueladakı əməliyyatlarını tərk edib.
Yanvarın 3-də ABŞ Venesuelaya kütləvi hücuma keçərək, prezident Nikolas Maduronu və həyat yoldaşı Silia Floresi əsir götürərək Nyu-Yorka aparıb. ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, N.Maduro narkoterrorizmdə iştirakda ittiham olunaraq məhkəmə qarşısına çıxarılacaq. D.Tramp daha sonra qeyd edib ki, Amerika neft şirkətləri Venesuelada işləməyə can atırlar və bu ölkənin infrastrukturuna sərmayə yatıracaqlar.
"Equinor" enerji qrupu 1972-ci ildə yaradılıb və 2018-ci ilin may ayına qədər "Statoil" adı ilə tanınıb. Şirkət 20-dən çox ölkədə fəaliyyət göstərir və təxminən 25 000 işçisi var.