Gürcüstan prokurorluğu Marneulidə baş vermiş qəsdən adam öldürmə faktı ilə bağlı bir nəfərə qiyabi qaydada ittiham irəli sürüb.
Moderator.az xəbər verir ki, bu barədə 24News.ge məlumat yayıb.
Məlumata görə, ölkənin Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, yanvarın 4-də Marneulidə kənd təsərrüfatı bazarının ərazisində təqsirləndirilən şəxs sifariş əsasında, xüsusi amansızlıqla odlu silahdan atəş açaraq zərərçəkmiş ata (Tamaz Bayramov) və oğula (Sahib Bayramova) xəsarətlər yetirib və hadisə yerindən qaçıb.
Nəticədə zərərçəkənlərdən biri (Sahib Bayramov) xəstəxanada dünyasını dəyişib, digərinin isə vaxtında göstərilən tibbi yardım sayəsində həyatı xilas olunub.
Məlumata əsasən, təqsirləndirilən şəxsə "iki və ya daha çox şəxsin sifariş əsasında və xüsusi amansızlıqla qəsdən öldürülməsinə cəhd", və "odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması" maddələri üzrə ittiham irəli sürülüb. Sözügedən maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.