Əfqanıstanda illərdir kişi paltarı geyinərək, xurafat yayaraq şəriət qanunlarını pozan iki cadugər qadın saxlanılıb.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Fəzilətin təbliği və Pisliklərin qarşısının alınması Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
"Paktika əyalətinin Barmal qəzasında şəriət qanunlarına zidd olaraq, uzun illərdir kişi paltarı geyinən, kişi saç düzümündə gəzən və cadugərlik edən iki qadın saxlanılıb", - deyə məlumatda bildirilib.
Mətbuat Xidmətindən verilən məlumata görə, qaydanı pozan şəxslərlə bağlı əhalidən şikayətlər daxil olub. Saxlanılan şəxslərin üzərindən cadugərliklə bağlı kitablar və alətlər aşkar edilib. Səlahiyyətlilər hesab edirlər ki, bu, insanları aldatmaq və ailələrdə nifaq salmaq planından xəbər verir.
İlkin araşdırmadan sonra təqsirləndirilən şəxslər şəriət qanunlarına uyğun olaraq, işlərinə baxılacaq məhkəmələrə göndəriliblər. İslam qanunlarına görə, cadugərlik böyük günah hesab edir. Bununla belə, medianın yazdığı kimi, ölkədə ezoterik xidmətlərə tələbat yüksək olaraq qalır.