Venesuela sadəcə başlanğıcdır - Tramp dünyanı yenidən formalaşdırır 
Dünya
4968
06 Jan 2026 | 15:12

Venesuela sadəcə başlanğıcdır - Tramp dünyanı yenidən formalaşdırır 

2026 il başlayar-başlamaz dünya siyasi arenası qarışıq bir vəziyyətə düşdü. Bir tərəfdən İranda baş verən hadisələr, digər tərəfdən də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Venesuelaya qarşı atdığı addımlar. Maraqlıdır, bu gərginliklər qarşıdakı günlərdə hansı məcraya yönələcək? ABŞ prezidenti Donald Tramp prosesdə hansı mərhələyə qədər irəliləyəcək? Venesueladan sonra rəsmi Vaşinqtonun növbəti hədəfi İran ola bilərmi?

Moderator.az-ın mövzu ilə bağlı suallarını Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Hasan Oktay cavablandırıb.

- Sizcə, Donald Tramp Venesuelada hansı mərhələyədək gedəcək?

- 2026-cı il sözün əsl mənasında bir “geosiyasi fırtına” ilə başladı. Cəmi bir neçə gün ərzində baş verənlər Trampın ikinci dönəmində xarici siyasəti nə qədər “proqnozlaşdırılmaz” və “sərt” bir müstəviyə daşıyacağını açıq şəkildə göstərdi. Qaldırdığınız məqamları hazırkı isti proseslər fonunda belə təhlil etmək olar:

Tramp 3 yanvar 2026-cı il tarixində həyata keçirdiyi əməliyyatla Nikolas Maduronu qaçıraraq tarixdə nadir rast gəlinən bir addım atdı. Mövcud mənzərəyə görə Trampın planı təkcə lideri dəyişmək deyil, ölkəni birbaşa idarə etməkdir:

“Məqbul keçid” dövrü: Tramp Venesuelada “uyğun və məqbul bir keçid” təmin olunana qədər ABŞ-ın ölkəni faktiki olaraq idarə edəcəyini açıqladı.

Neft və iqtisadiyyat: Bloomberg və digər mənbələrə görə, Tramp Amerika nəhəng neft şirkətlərini (Chevron, Exxon və s.) bölgəyə daxil edərək neft infrastrukturunu bərpa etməyi və Venesuela neftini dünya bazarına birbaşa ABŞ vasitəsilə çıxarmağı hədəfləyir.

Gözdağı: Tramp müvəqqəti lider təyin edilən Delcy Rodrígezi belə “əgər doğru olanı etməzsə, bədəlini ödəyəcəyi” ilə hədələdi. Yəni Tramp Venesuelada tam nəzarət qurana qədər dayanacaq kimi görünmür.

1455204

- Venesueladan sonra Trampın hədəfi İran ola bilərmi?

- İran hazırda həm daxildən, həm də xaricdən ciddi bir “kəlbətin” altındadır və Trampın siyahısında üst sıralarda yer alır. İran bu vəziyyətdən çıxmaq üçün sistem dəyişikliyinə getməlidir, əks halda:

Daxili qarışıqlıq: 2025-ci ilin son günlərində başlayıb 2026-cı ilin ilk günlərində bütün ölkəyə yayılan iqtisadi və siyasi etirazlar rejimi ciddi şəkildə sarsıdır. Tramp bu etirazlara açıq dəstək verərək müdaxilə “xəbərdarlığı” edib.

Hərbi gərginlik: Son aylarda (iyun 2025) İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə hava zərbələri endirdiyi, İranın isə buna cavab olaraq Qətərdəki ABŞ bazasını vurduğu məlumdur.

Trampın təhdidi: Venesuela əməliyyatından dərhal sonra Air Force One təyyarəsində danışan Tramp İran, Kuba, Meksika və Kolumbiya kimi ölkələri açıq şəkildə xəbərdar etdi. Bu isə “Venesuela modelinin” (sürətli əməliyyat və rejim dəyişikliyinə məcbur etmə) İran üçün də gündəmdə olduğunu göstərir.

- Ümumiyyətlə, hazırda baş verən bu siyasi prosesləri yaxın dövr üçün necə qiymətləndirirsiniz?

- Qarşıdakı aylar “qaydalara əsaslanan dünya nizamı”nın yerini tam şəkildə “güclü olanın istədiyini aldığı” bir dövrə verdiyini göstərəcək:

Domino effekti: Tramp Venesuelanı bir “istisna” deyil, bir “nümunə” kimi görür. Növbədə Qrenlandiya (strateji mövqeyi və resursları səbəbindən) və İran kimi hədəflərin olduğu Tramp tərəfindən açıq şəkildə dilə gətirilir.

İqtisadiyyat və enerji: Baş verənlər qlobal neft bazarlarını alt-üst edə bilər. Trampın Venesuela neftini nəzarət altına alma cəhdi enerji qiymətlərində ABŞ-ın əlini xeyli gücləndirəcək.

İranın taleyi: İrandakı etirazların şiddəti və ordunun mövqeyi ABŞ-ın “hərbi müdaxilə”mi, yoxsa “daxildən çökdürmə” yolunu seçəcəyini müəyyən edəcək. Lakin Tramp administrasiyasının İran üzərində təzyiqi maksimum səviyyəyə qaldıracağı dəqiqdir.

- İndiki dönəm üçün İranın hansı addımı atmasını məqbul hesab edirsiniz?

- Dünya hazırda 1945-dən sonra qurulmuş bütün tarazlıqların sarsıldığı, Trampın “Öncə Amerika” doktrinasının ən aqressiv forması ilə səhnəyə çıxdığı bir dövrü yaşayır. İran bu təzyiqlərdən xilas olmaq üçün ikili sistemdən imtina edib prezident idarəetmə sisteminə keçə bilər. Hazırda İranda əslində prezidentlik sistemi ilə dini rəhbərlik sistemi arasındakı gərginlik küçələrə yansıyır.

Əgər dini rəhbər Əli Xamenei ölkəsini xilas etmək istəyirsə, genişmiqyaslı bir hesabatla özündən sonra dini rəhbərliyin prezidentliyin səlahiyyətləri daxilində birləşdirildiyini elan etməlidir. Qeyri-rəsmi iqtisadiyyatı əlində saxlayan və ölkə iqtisadiyyatının təxminən 75 faizinə nəzarət edən İnqilab Keşikçiləri prezidentin nəzarətinə keçməli, bu da İran iqtisadiyyatını rahatlatmalıdır.

Əgər bunlar baş verməzsə, İranda İraq və ya Suriya modelini müzakirə etmək lazım gələcək. Halbuki İran bu iki modelə də uyğun gəlməyəcək qədər fərqli bir ölkədir. İranda daxili qarşıdurma yaratmadan, xarici müdaxiləyə yol açmadan, daxildən bir sistem dəyişikliyi ən məntiqli nəticədir.

Əslində Trampın Venesuelaya müdaxiləsi dünyada bir çox bölgədə bu tip müdaxilələrin yolunu açmış oldu. Venesuela dövlət başçısının başına gələn hadisədən sonra Çinin də Tayvana bənzər bir əməliyyat həyata keçirəcəyi iddiaları səslənməyə başladı. Dünya, böyük güclərin, sanki müstəmləkə imperiyaları dövründə olduğu kimi, ölkələri paylaşdığı bir düzənə doğru gedir.

- Son olaraq, indiki vəziyyətdə Rusiya üçün proqnozlarınız necədir?

- Rusiyanın Ukrayna ilə işini bitirdikdən sonra böyük ehtimalla Qazaxıstana yönələcəyi, Qafqazda isə Gürcüstanda Maduro tipli bir dəyişiklik yaşadacağı ilə bağlı narahatlıqlar artıq indidən müzakirə olunur.

İran isə ayrıca bir mövzudur. Əgər biz bölgəmizdə güclü və oyunqurucu — yəni “pivot” bir ölkəyiksə, açılım siyasətini yenidən gündəmə gətirmək əvəzinə, SDQ liderlərinə və PKK-nın müharibə ağalarına Maduroya bənzər əməliyyatlar həyata keçirməli deyildikmi? Bunun əvəzinə uzlaşmanı ön plana çıxardıq. Bu isə deyilənlərin əksinə olaraq, pivot mövqedə olmadığımızı, bölgədəki güc balansında mövqeyimizin xalq olaraq düşündüyümüzdən xeyli gerilədiyini göstərir.

Rumiyyə MİRASLAN

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər