Bizi sosial şəbəkələrdən izləyin:
Dekabrın 28-dən etibarən İranda kütləvi iğtişaşlar davam edir. Daxili narazılıqlar fonunda ABŞ və İsrailin Tehrana ünvanladığı açıq və dolayı hərbi təhdidlər ölkədəki siyasi gərginliyi daha da dərinləşdirib. Bu proseslər fonunda mühacirətdə olan və Pəhləvi sülaləsinin varisi kimi tanınan Rza Pəhləvi yenidən aktivləşib.
Hazırkı iğtişaşlar molla rejiminin real şəkildə süqutuna gətirib çıxara bilərmi? Əgər molla rejimi devrilərsə və Rza Pəhləvinin rəhbərliyi ilə şah rejimi bərpa olunarsa, İranın idarəçilik modelində hansı əsas dəyişikliklər baş verə bilər və orda yaşayan soydaşlarımızın aqibəti necə olar?
Moderator.az-a danışan politoloq Bakir Həsənbəyli deyib ki, Tehran özünü Yaxın Şərqi idarə edən güc mərkəzi kimi görür:
“İranın qurduğu proksi sistemi nə regional hegemonluq gətirdi, nə də ölkə daxilində rifah. Əksinə bu ideologiya sosial problem, iqtisadi tənəzzül və daxili qarşıdurmalar gətirdi. İranın regional strategiyası nəzarətə əsaslanır. Müxtəlif ölkələrdə silahlı və ideoloji strukturlar yaradıldı. Hizbullah, HƏMAS, Həşdi-Şabi qpupları İran üçün təhlükəsizlik məsələsi yox, ideoloji xəttə çevrildi. Bu imperiya xalqın hesabına qurulmuşdu. Bunlar sanksiyalar altında boğulan İran iqtisadiyyatı fonunda həyata keçirilirdi. Nəticədə İran cəmiyyətində narazılıq təkcə iqtisadi deyil, ideoloji xarakteri daşıdı. 12 günlük müharibə İran üçün ciddi dönüş nöqtəsi oldu. Bu qarşıdurma göstərdi ki, İran proksiləri əvvəlki gücə sahib deyil. Tehran regionda təşəbbüsü itirib. Bu, yoxsulluğun ifadəsidir. Xamenei artıq 88 yaşındadır və İran daxilində geniş qəbul olunur ki, ali rəhbərin siyasi proseslər üzərində real nəzarəti zəifləyib. Güc mərkəzləri arasında koordinasiya pozulub. Təhlükəsizlik və xarici siyasət üzərində real nəzarət SEPAH və ali rəhbər aparatının əlindədir. Prezidentin fəaliyyəti hər tərəfdən qırmızı xətlərlə məhdudlaşıb. İranın qarşısında bir yol var postxamenei mərhələsində dövləti xilas etməyə çalışmaq. Bu gün əsas sual budur: İran imperiya xəyallarından imtina edib öz xalqını seçə biləcəkmi? Mövcud durum İranın çoxsaylı etnik quruluşu fonunda daha da çətinləşir. Proksi müharibələrinə xərclənən milyardlar fonunda mərkəzdənqaçma meyilləri daha qabarıq görünməyə başlayıb”.
Politoloq qeyd edib ki, ən təhlükəli ssenari isə xarici proksi imperiyasının çökməsi və postxamenei dövründə mərkəzi hakimiyyətin zəifləməsidir:
“Bu fonda Pəhləvilərin ortaya siyasi iradə qoyma cəhdləri isə bu gün də davam edən etiraz aksiyalarında nəticəsiz olacaqdır. Düzdür bəzən şah rejiminə keçid tərəfdarlarının bu istiqamətdə müsbət reaksiyalarını eşitmək olur. Unutmayaq ki, İran əhalisinin 65%-I bu rejimin zamanında doğulanlardır və müasir həyatı arzulayırlar. Lakin unudurlar ki, trokratik rejimlə şah rejimi bir medalın iki üzüdür. Əslində bu gün Pəhləvilərin hakimiyyətə dönüşü və monarxiyanın bərpası mümkün variant kimi görünmür. Şahın oğlunun etiraz çağırışları cəmiyyət tərəfindən cididyə alınmır. Bu vəziyyət onu göstərir ki, İranda mövcud teokratik rejimin dağılması monarxiyanın bərpası ilə nəticələnməyəcək”.
Mehin Mehmanqızı