Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-ın Venesuelaya müdaxiləsi dünya ictimaiyyətində böyük rezonans yaratdı. Bu hadisə yalnız region üçün deyil, qlobal iqtisadi və siyasi mühit üçün də ciddi mesaj oldu. Ekspertlər hesab edir ki, ABŞ-ın bu addımı yalnız regional maraqlar üçün deyil, strateji xammal və valyuta hegemonluğunu qorumaq məqsədilə də həyata keçirilib.
Bəs bu addım qlobal güc balansına necə təsir edə bilər?
Moderator.az xəbər verir ki, İnönü Universiteti Strateji Araşdırmalar Mərkəzinin direktoru prof. Fikret Birdişli deyib ki, ABŞ bu aqressiv siyasəti ilə iki əsas məqsəd güdür:
“Birincisi, neftin özünü deyil, neft bazarını nəzarətdə saxlamaq istəyir. Çünki İkinci Dünya müharibəsindən sonrakı dövrdə dünya iqtisadiyyatının təxminən yarısına nəzarət edən ABŞ Bretton-Vuds sistemində beynəlxalq ticarəti dollara, dolları isə qızıla bağlamışdı. Həmin illərdə ABŞ bazardakı mövcud qızıl ehtiyatlarının təxminən 70 faizini öz xəzinəsində toplamışdı. 1970-ci illərə gəldikdə isə, qlobal böhranlardan sonra dövlətlər əllərindəki dolların qarşılığı olan qızılın mühüm hissəsini ABŞ Mərkəzi Bankından geri çəkdilər və bu ehtiyatlar 17 faizə qədər azaldı. Vəziyyətin ciddiliyini anlayan ABŞ beynəlxalq bazarlardakı hegemonluğunu qorumaq üçün qızıl standartından imtina etdiyini elan etdi. Beləliklə, dolların qarşılığı yenə dollar oldu. ABŞ artıq istədiyi qədər dollar çap edə biləcəkdi. Lakin bunun üçün belə bir “dayaq nöqtəsinə” ehtiyac var idi və bu da neft idi. Yəni dünya bazarlarında neftin (dolayısı ilə enerjinin) dollarla alınıb-satılması dolların nüfuzunu saxlayan ən əsas amilə çevrildi. ABŞ-ın neftə ehtiyacı yoxdur. Ancaq neft satan ölkələrin bu ticarəti başqa valyutalarla aparması ehtimalı ABŞ hegemonluğunun sonu deməkdir.
İkinci səbəb isə ondan ibarətdir ki, enerjinin ən vacib girişi olan neftin kəşfindən artıq təxminən iki əsr keçib. Bu gün neftin yerini tədricən yeni enerji mənbələri almağa başlayıb. Nəqliyyat vasitələri neftin əsas istehlakçılarındandır, lakin elektrik avtomobilləri üçün ən kritik texnologiya batareyalardır. Batareyalar üçün isə ən vacib xammal litiumdur. Günəş enerjisi və batareya texnologiyaları sahəsində hazırda lider ölkə Çindir. Enerji saxlama texnologiyalarının inkişafı ilə yaxın gələcəkdə enerjimizin böyük hissəsini günəşdən əldə etməyimiz artıq o qədər də uzaq perspektiv deyil. Məhz buna görə də hədəf artıq neft quyuları yox, litium, nadir torpaq elementləri və Çinin bazarları dominasiya etməsi təhlükəsidir”.
Türkiyəli ekspert qeyd edib ki, hazırda Çin dünya ticarətinin təxminən 20 faizinə nəzarət edir:
“Əgər bu göstəricini 40 faizə qaldıra və ardınca “mən artıq yuanla işləyəcəyəm” desə, Amerika əfsanəsi bitmiş olar. Çin də məhz buna görə hər yeri nəzarət altına almağa çalışır. ABŞ da öz iqtisadi gücünü toparlamaq üçün bildiyi, sınanmış üsullara yenidən əl atmağa başlayıb. ABŞ-ın Venesuelaya son müdaxiləsi də məhz “məhləni qaydaya salmaq” cəhdləridir. Prezident Maduro isə digərlərinə dərs olsun deyə bu vəziyyətə salındı”.
Mehin Mehmanqızı