"Avropadan Asiyaya uzanan təhlükəli eskalasiya zənciri..."
2026-cı il dünya üçün son dərəcə təhlükəli geosiyasi mənzərə ilə başlayıb. Avropadan Asiyaya qədər ən azı beş region formalaşıb ki, burada lokal toqquşmalar asanlıqla böyük dövlətlərin iştirak etdiyi qlobal müharibəyə çevrilə bilər.
Moderator.az xəbər verir ki, bu barədə "Daily Star" nəşri yazıb.
Artan qlobal gərginlik və müharibə qorxusu
Nəşr yazır ki, son bir il ərzində Avropada diversiyalar, genişmiqyaslı hərbi dəniz təlimləri, pilotsuz uçuş aparatları ilə bağlı insidentlər və Ukraynada artıq dördüncü ilinə qədəm qoyan müharibə beynəlxalq sistemin nə qədər kövrək olduğunu göstərib. Siyasi analitiklər xəbərdarlıq edir ki, 2026-cı ildən sakitləşmə gözləmək real deyil.
Avropa, Amerika və Asiyada risk zonaları
Ekspertlərin diqqət çəkdiyi əsas Avropa nöqtələrindən biri Finlandiya körfəzidir. Rusiya, Finlandiya və Estoniya arasında yerləşən bu strateji akvatoriyada 2025-ci ildə sualtı kabellərin zədələnməsi, pilotsuz uçuş aparatlarının və hətta Rusiya qırıcılarının Estoniyanın hava məkanına daxil olması kimi hadisələr qeydə alınıb. Britaniyalı keçmiş kəşfiyyatçı Filip İnqremin fikrincə, Moskva bu bölgədən istifadə edərək Avropanın diqqətini Ukraynadakı müharibədən yayındıra və NATO-nun reaksiyasını test edə bilər.
Digər təhlükəli zona Karib hövzəsidir. ABŞ-ın döyüş gəmiləri, qırıcıları və B-52 bombardmançısının iştirakı ilə keçirilən nümayişlər Donald Tramp ilə Venesuela prezidenti Nikolas Maduro arasında gərginliyin pik nöqtəsi kimi dəyərləndirilir. Rəsmi olaraq narkotik qaçaqmalçılığına qarşı əməliyyat kimi təqdim olunan bu addımların bölgəni istənilən an alovlandıra biləcəyi bildirilir.
Asiyada risklər iki istiqamətdə cəmlənib. Çin sahilləri yaxınlığındakı Tsinmen adaları Pekinin Tayvana qarşı mümkün sınaq addımı kimi göstərilir. Ekspertlər hesab edir ki, Çin bu adaları ələ keçirərək beynəlxalq reaksiyanı yoxlaya bilər. Koreya yarımadasında isə Şimali Koreya lideri Kim Çen Inın artan özünəinamı və Rusiyaya silah tədarükü vəziyyəti daha da mürəkkəbləşdirir.
Yaxın Şərqdə həlledici boğaz və qlobal nəticələr
Yaxın Şərqdə əsas risk nöqtəsi Hörmüz boğazıdır. Dünya neft tədarükünün təxminən beşdə biri bu dar dəniz yolundan keçir. Ekspertlər hesab edir ki, İranın ali rəhbəri Əli Xamenei İsrailin mümkün hücumlarına cavab olaraq bu boğazı bağlamağa cəhd göstərə bilər. Bu isə təkcə regional münaqişə deyil, qlobal iqtisadiyyat üçün ağır nəticələr deməkdir.
Analitiklərin ümumi qənaətinə görə, 2026-cı ildə bu beş ocaqdan hər hansı birində baş verəcək eskalasiya sürətlə nəzarətdən çıxa və böyük müharibəyə yol aça bilər. Dünya siyasəti isə hazırda belə bir ssenariyə həmişəkindən daha yaxındır.