Petro Trampa meydan oxudu - ABŞ ilə Kolumbiya arasında təhlükəli gərginlik
Dünya
3135
05 Jan 2026 | 15:19

Petro Trampa meydan oxudu - ABŞ ilə Kolumbiya arasında təhlükəli gərginlik

Kolumbiya Prezidenti Qustavo Petro ABŞ administrasiyası və ABŞ Dövlət Katibi Marko Rubio tərəfindən səsləndirilən tənqidlərə yazılı açıqlama ilə sərt cavab verib. Petro bildirib ki, ona qarşı mümkün müdaxilə və ya həbs cəhdi Kolumbiyada böyük xalq üsyanına səbəb ola bilər.

Keçmiş M-19 partizanı olan Petro 1989-cu ildə imzalanmış sülh sazişindən sonra silahı yerə qoyduğunu xatırlatsa da, Konstitusiyaya əsasən Kolumbiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı olduğunu vurğulayıb və orduya sədaqət çağırışı edib. Petro, “Hərbiçi olmasam da, müharibəni və yeraltı mübarizəni bilirəm. Vətən naminə istəməsəm də, yenidən silaha sarıla bilərəm” ifadələrini işlədib.

Narkotiklə mübarizə vurğusu

Petro rəhbərliyi dövründə dünya tarixində ən böyük kokain müsadirələrinin həyata keçirildiyini və narkotiklə mübarizə siyasətini şəxsən idarə etdiyini qeyd edib. ABŞ-ın kəşfiyyata əsaslanmayan mümkün müdaxilələrinin uşaq ölümlərinə yol aça biləcəyini və kənd əhalisini silahlı mübarizəyə sövq edəcəyini bildirib.

Xalq və təhlükəsizlik qüvvələrinə çağırış

Kolumbiya lideri xalqını onu müdafiə etməyə çağırıb və təhlükəsizlik qüvvələrinə “xalqa atəş açmayın, işğalçıya atəş açın” göstərişini verib. Petro ABŞ-a ünvanladığı açıqlamasında, “Xalqın sevdiyi və hörmət etdiyi prezidenti həbs etsəniz, xalqın yaquarını azad buraxmış olarsınız” deyə bildirib.

Qustavo Petrodan orduya göstəriş

Açıqlamasında milli suverenlik vurğusu edən Petro, Kolumbiya əsgərlərinə belə müraciət edib:

“Bu gündən etibarən hər bir Kolumbiya əsgərinin bir əmri var: ABŞ bayrağını Kolumbiya bayrağından üstün tutan hər bir dövlət gücü komandanı mənim əmrlə və bölmələrin tələbi ilə dərhal vəzifədən uzaqlaşdırılacaq. Bundan əlavə, dövlət əleyhinə yanlış məlumat yaydıqları əsas gətirilərək polis təşkilatındakı bəzi kəşfiyyat polkovniklərinin vəzifədən azad edilməsi barədə göstəriş vermişəm.”

Link kopyalandı!
Son xəbərlər