İran etirazçıları öldürməyə başlasa, ABŞ tərəfindən sərt şəkildə vurulacaq. Bu barədə Prezident Donald Tramp jurnalistlərin suallarına cavabında bildirib.“Biz hadisələri çox yaxından izləyirik. Əgər onlar keçmişdə etdikləri kimi, insanları öldürməyə başlasalar, ABŞ tərəfindən çox güclü şəkildə vurulacaqlar”, – Tramp xəbərdarlıq edib.
Qeyd edək ki, dekabrın 28-dən bəri iqtisadi vəziyyəti ağırlaşması səbəbindən Tehranda sahibkarlar tərəfindən keçirilən etirazlar digər şəhərlərə də yayılıb. Hazırkı etirazlar İranda 2022-ci ildən bəri ən geniş aksiyalar hesab olunur.
Bəs Tramp yaxın gündlərdə İrana qarşı əməliyyatlara başlaya bilərmi? İranda etirazların genişlənməsi ABŞ üçün birbaşa müdaxilə əsasımı yaradır, yoxsa Vaşinqton daha çox dolayı təsir vasitələrinə üstünlük verə bilər?
Moderator.az-a danışan AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bildirib ki, Ağ ev rəhbəri Donald Tramp Venesueladakı əməliyyatdan sonra bir eyforiya yaşayır və bunu şəxsi uğuru kimi göstərmək istəyir:
“Tramp bununla həm də Amerikanın gücünü nümayiş etdirir. Çünki əvvəllər ABŞ Əfqanıstanda məğlubiyyətlə üzləşmişdi. İndi isə Amerika çalışır ki, imicini bərpa etsin: “Mən nömrə birəm, istəsəm bir gecədə istənilən ölkənin başçısını belə ələ keçirə bilərəm”.
Trampın bu eyforiyasının fonunda o, İrana da hədələr göndərir. Lakin İran Venesuela deyil. Birincisi, İran ABŞ üçün o qədər də asan hədəf deyil. İkincisi, Amerika İran bataqlığı kimi bir müharibəyə girmək istəməz. Çünki ABŞ Əfqanıstan və İraq bataqlıqlarında istədiyini ala bilməmişdi. İraqda müəyyən nailiyyətlər əldə etdi, amma tam hədəflərinə çatmadı.
İranda isə vəziyyət fərqlidir. Suriya ssenarisi təkrarlansa, ABŞ PKK kimi qruplardan istifadə edərək müəyyən ərazilərdə təsir əldə edə bilər. Amma hazırkı şəraitdə düşünmürəm ki, bu mümkün olsun. İranda belə iğtişaşlar çox olur və siyasi rejim indiyə qədər bunların qarşısını ala bilir. Hələlik rejim sarsılmayıb və Qərb media qurumları və bəzi Azərbaycan mənbələri vəziyyəti şişirdilmiş kimi göstərir.
Təbii ki, bu o demək deyil ki, rejim həmişə belə möhkəm olacaq. İran siyasi hakimiyyəti müəyyən qədər sarsılır və bu vəziyyətdən ABŞ və digər ölkələr öz maraqları üçün istifadə etməyə çalışacaqlar. Amma indiki vəziyyət göstərir ki, İran hələ tamamilə acınacaqlı deyil və böyük bir destabilizasiya riski mövcud deyil”.
Mehin Mehmanqızı