Gürcüstan Venesueladan gözləntisini açıqlayıb.
Moderator.az xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir ki, rəsmi Tbilisi Venesuelada baş verən cari hadisələri diqqətlə izləyir və ümid edir ki, gələcək proseslər Venesuela xalqının maraqlarına uyğun inkişaf edəcək.
“Venesuela hakimiyyətinin beynəlxalq hüququ kobud şəkildə pozaraq Gürcüstanın işğal olunmuş bölgələrini — Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıdığını nəzərə alaraq, son hadisələrin Gürcüstanın milli maraqlarına və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq bu qanunsuz qərarın ləğvinə səbəb olacağına ümid edirik”, - deyə bəyanatda qeyd olunub.
Xatırladaq ki, Venesuela 2009-cu ildə Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” tanıyıb.
Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada hərbi əməliyyat keçirib, desant qüvvələri Nikolas Maduro və həyat yoldaşını ələ keçirib. Hazırda Venesuela Prezidenti və həyat yoldaşı Nyu-Yorka gətirilib.