CHP sədri Özgür Özəl və bəzi müxalifət liderlərinin dünyanı lərzəyə gətirən bir hadisə qarşısında (ABŞ ordusu tərəfindən Venesuela prezidentinin ələ keçirilməsi – red.) Prezident Rəcəb Tayyib Ərdoğanın ünvanına yersiz təhqirlər yağdırması düzgün addım deyil.
Moderator.az xəbər verir ki, bunu AKP sözçüsü Ömər Çelik jurnalistlərə açıqlamasında deyib.
“Bu müxalifət qrupları xarici siyasətdə heç vaxt hər hansı bir prosesi idarə etməyiblər. Onların belə təcrübəsi yoxdur. Müxalifətin xarici siyasətdən anladıqları yeganə şey Türkiyədən şikayət etmək, hadisələri yalnız çox gec olduqdan sonra başa düşməkdir. Türkiyədə müxalifət keyfiyyətsiz və dar siyasi dəhlizlərlə məhdudlaşmamalıdır. Dünyanın sarsıldığı bu dönəmdə hər kəs sağlam düşüncə ilə davranmalı, məsuliyyətli olmalı və sözlərinin Türkiyənin mənafeyinə xidmət etməsini təmin etməlidir”, - partiya rəsmisi əlavə edib.
Qeyd edək ki, ötən gün ABŞ Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Xüsusi təyinatlı qüvvələr ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.