Dünya
2407
04 Jan 2026 | 14:45

"Ukraynada Britaniya və Fransa qoşunları olmalıdır" - Zelenski

"Avropa qoşunlarının Ukraynada yerləşdirilməsi müzakirə olunur..."

Ukrayna üçün təhlükəsizlik zəmanətləri ölkə ərazisində Avropa hərbi kontingentinin, ən azı Britaniya və Fransa qoşunlarının yerləşdirilməsini nəzərdə tutmalıdır.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski "İstəklilər koalisiyası" ilə görüşdən sonra bəyan edib. Məlumatı "dw.com" nəşri yayıb.

Təhlükəsizlik zəmanətləri və Avropa hərbçilərinin iştirakı

Zelenski 3 yanvar tarixində Kiyevdə keçirilən brifinqdə, "İstəklilər koalisiyası"na daxil olan dövlətlərin liderlərinin təhlükəsizlik üzrə müşavirləri ilə görüşün yekunlarını şərh edərkən bildirib ki, Britaniya və Fransa koalisiyanın aparıcı ölkələridir və onların hərbi iştirakı zəruridir.

"Koalisiyada sədrlik edənlər Britaniya və Fransadır. Onların hərbi mövcudluğu mütləqdir", - Zelenski vurğulayıb. Prezident əlavə edib ki, koalisiyanın digər üzvləri də Ukraynaya qoşun göndərə bilər, lakin bu, onların məcburi öhdəliyi deyil. O, eyni zamanda qeyd edib ki, bir çox Avropa ölkəsində belə qərarlar üçün parlamentlərin razılığı tələb olunur.

Kiyevdə "İstəklilər koalisiyası" ilə görüş

Yanvarın 3-də Zelenski Kiyevdə Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Latviya, Estoniya, Litva, Polşa, Finlandiya, Kanada, Niderland, İsveç, Norveç və Danimarkanın milli təhlükəsizlik üzrə müşavirləri, eləcə də NATO, Avropa Şurası və Avropa Komissiyasının nümayəndələri ilə görüş keçirib.

Zelenski "Telegram"-da bildirib ki, danışıqlar üç əsas istiqamət üzrə aparılıb: Ukrayna üçün təhlükəsizlik zəmanətləri, müharibədən sonrakı bərpa, "real sülh üçün baza çərçivəsi". Onun sözlərinə görə, tərəflər uzunmüddətli, onillikləri əhatə edən sülhə nail olmağı hədəfləyir.

Prezident qeyd edib ki, sənəd layihələri müzakirə olunub və növbəti addımlar razılaşdırılıb: yanvarın 5-də Baş Qərargah rəislərinin görüşü, yanvarın 6-da isə Parisdə liderlər səviyyəsində toplantı keçiriləcək. Bu mərhələdən sonra ABŞ nümayəndələri ilə birgə nəticəyönümlü görüşün planlaşdırıldığı bildirilib.

İqtisadi bərpa və ABŞ-la koordinasiya

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Ömərov açıqlayıb ki, görüşün iqtisadi bloku çərçivəsində ölkənin bərpası və inkişaf planı, investisiyalar, iş yerlərinin yaradılması və uzunmüddətli dayanıqlıq məsələləri müzakirə edilib.

Onun sözlərinə görə, müzakirələrə videobağlantı vasitəsilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff da qoşulub ki, bu da Ukrayna ilə ABŞ arasında iqtisadi yanaşmaların daha sıx koordinasiyasına imkan verib.

Zelenski və Starmer arasında qoşun məsələsi

Həmin gün Zelenski ilə Böyük Britaniyanın baş naziri Kir Starmer arasında telefon danışığı olub. Rəsmi Londonun açıqlamasına görə, tərəflər atəşkəsdən sonra Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi imkanlarını müzakirə ediblər.

Xatırladaq ki, 31 dekabrda "Die Welt" qəzeti Avropa diplomatik mənbələrinə istinadla yazmışdı ki, Fransa və Böyük Britaniya Ukraynaya hərbçi göndərməyə hazırdır və bunu BMT və ya Avropa İttifaqı mandatı olmadan da həyata keçirməyi istisna etmirlər.

Link kopyalandı!
Son xəbərlər