Dünya
3295
04 Jan 2026 | 14:05

"Putinin müharibəsi nə cəbhədə, nə də Ukraynada bitəcək" - "The Independent"

"Atəşkəs illüziyası, riskli danışıqlar və Kreml üçün təhlükəli seçim..."

Ukraynada mümkün atəşkəs nəinki müharibəni bitirməyə, əksinə, Avropanı daha geniş qarşıdurmaya yaxınlaşdıra bilər.

Moderator.az xəbər verir ki, bu barədə "The Independent" nəşri yazıb.

Analitiklərin fikrincə, hazırkı şəraitdə sülh təşəbbüsləri reallıqdan çox siyasi illüziyalara əsaslanır və 2026-cı ilin 2025-dən fərqli olacağına dair ciddi əsaslar yoxdur.

Müharibə masa arxasında genişlənir

Nəşr yazır ki, Rusiya 11 ildir hərbi yolla əldə edə bilmədiklərini indi diplomatiya vasitəsilə qazanmağa çalışır. Bu prosesdə Kremlin əsas alətlərindən biri ABŞ prezidenti Donald Trampdır. Bildirilir ki, Moskva həm cəbhədə, həm də danışıqlarda Ukrayna və Avropanın qəbul etməyə məcbur olduğu "qırmızı xətləri" davamlı şəkildə genişləndirir.

2025-ci il ərzində Trampın Ukraynanı Rusiya şərtləri əsasında atəşkəsə razı salmaq üçün üç dəfə cəhd göstərdiyi, lakin hər dəfə Avropa liderlərinin fövqəladə diplomatik müdaxiləsi ilə daha ağır ssenarinin qarşısının alındığı vurğulanır. Buna baxmayaraq, hər yeni danışıqlar mərhələsi Moskvanın mövqelərini gücləndirib.

Noyabrda təqdim edilən "28 maddəlik Rusiya planı"nın tam rədd edilməyərək danışıqlar üçün baza kimi qəbul olunması dönüş nöqtəsi sayılır. Hətta əvvəllər Avropada qəbuledilməz hesab edilən Ukrayna ordusunun sayının məhdudlaşdırılması ideyası belə səssiz razılıq qazanıb. Nəşrin qənaəti sərtdir: "Bu müharibə nə cəbhədə, nə də böyük ehtimalla Ukraynada həll olunacaq".

Müharibə, yoxsa nəticəsiz sülh?

"The Times" nəşri yazır ki, Vladimir Putin təhlükəli seçim qarşısındadır. Onun üçün hər iki yol risklidir: müharibəni davam etdirmək iqtisadi tükənmə, daxili narazılıq və 2026-cı il parlament seçkiləri ərəfəsində siyasi sarsıntılar deməkdir; sülh danışıqlarına ümid bağlamaq isə etibarsız xarici oyunçulardan asılılıq və Kreml üçün arzu olunan nəticələrin zəmanətsizliyi anlamına gəlir.

Rusiyalı təhlükəsizlik eksperti Mark Qaleottinin fikrincə, Putin 2026-cı ildə həm öz şərtlərinə yaxın razılaşma ümidi, həm də ciddi risklərlə üz-üzədir.
Rusiya ordusunun son illərdə müəyyən irəliləyişlər əldə etməsi əsasən dron müharibəsinə adaptasiya, planerlə idarə olunan bombalar və "sürüşmə taktikası" ilə izah olunur. Bununla yanaşı, Kreml üçün əsas problemlər dəyişməz qalır: orduya könüllü axının zəifləməsi, iqtisadi geriləmənin dərinləşməsi, məcburi səfərbərliyin isə seçkilər ərəfəsində siyasi partlayış riski yaratması.

Qaleotti vurğulayır ki, Putin Trampı razı salmağa çalışsa da, real təhlükəsizlik zəmanətləri olmadan Ukraynanın Donbasdan imtina etməsi ehtimalı son dərəcə aşağıdır. Müharibəni davam etdirmək Kreml üçün daha "təhlükəsiz" görünə bilər, lakin bu yol da uzanan münaqişə, iqtisadi çöküş və yeni etiraz dalğaları riski daşıyır.

Sülh illüziyası və qaçılmaz risklər

Hər iki nəşrin ümumi qənaəti belədir: Rusiya müharibəni dayandırmaqdan daha çox, davam etdirməklə qazanacağına inanırsa, real sülh üçün əsas yoxdur;  müvəqqəti atəşkəs Kremlin yenidən toparlanması və yeni hücumlara hazırlaşması üçün vaxt qazandıra bilər; Avropa üçün ən böyük təhlükə isə saxta təhlükəsizlik hissi və gecikdirilmiş hərbi-siyasi hazırlıqdır.

Link kopyalandı!
Son xəbərlər