Dünya
2922
04 Jan 2026 | 13:10

"Rusiya Ukraynaya növbəti hava və raket zərbələri endirib: enerji infrastrukturu hədəfdə" - Ukrayna KİV-ləri

"HHM tərəfindən 52 drondan 39-nu zərərsizləşdirilib, enerji obyektləri və yaşayış məntəqələri zərbə altındadır..."

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, 4 yanvar gecəsi Rusiya Ukraynaya qarşı növbəti genişmiqyaslı hava hücumu həyata keçirib.

Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, hücum zamanı ümumilikdə 52 ədəd zərbə PUA-sı buraxılıb. Onlardan 39-u HHM qüvvələri tərəfindən məhv edilib və ya radioelektron mübarizə vasitələri ilə sıradan çıxarılıb.

Dron hücumu: dörd istiqamətdən zərbə

Rusiya ordusu hücuma 3 yanvar saat 19:00 radələrində başlayıb. Zərbə PUA-ları Oryol, Bryansk, Kursk vilayətləri və müvəqqəti işğal olunmuş Donetsk istiqamətindən buraxılıb. Hücumda əsasən "Shahed" və "Gerbera" tipli dronlardan istifadə olunub, onlardan təxminən 40-ı "Shahed" olub.

Hava hücumunun dəf edilməsində aviasiya, zenit-raket bölmələri, HHM, radioelektron mübarizə vasitələri, pilotsuz sistemlər və mobil atəş qrupları iştirak edib. Buna baxmayaraq, 13 dron 9 müxtəlif ərazidə hədəfə çatıb, bir nöqtədə isə vurulan PUA-nın qalıqları yerə düşüb. Hücum zamanı Nikolayev istiqamətində hərəkət edən dronlar da qeydə alınıb və təhlükə davam edib.

Raket zərbələri və mülki infrastruktura ziyan

3 yanvar tarixində Rusiya ordusu Çerkası vilayətinin Zolotonoşa rayonuna raket zərbəsi endirib. Nəticədə 5 nəfər yaralanıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib. Zərbə dalğası və qəlpələr yaşayış evlərinə və bir özəl müəssisəyə ciddi ziyan vurub.

Hadisə yerində bütün müvafiq xidmətlər işləyib, əhali üçün isinmə və yardım məntəqələri qurulub. Eyni zamanda əvvəlki günlərdə Xarkovda yaşayış binalarına raket zərbələri, eləcə də Nikolayev vilayətində kritik infrastruktura dron hücumları nəticəsində insan tələfatı və elektrik enerjisinin kəsilməsi qeydə alınıb.

Enerji infrastrukturu hədəfdə

Rusiyanın hücumları enerji sektoruna da ciddi təsir göstərib. 2-dən 3 yanvara keçən gecə müvəqqəti işğal altında olan Zaporojye Atom Elektrik Stansiyası yüksək gərginlikli xətlərdən birini itirib. Ukrayna Energetika Nazirliyi bildirir ki, müharibə başlayandan bəri AES 12 dəfə tam enerji itgisi riski ilə üzləşib.

Bundan əlavə, Nikolayev və Xerson vilayətlərində enerji obyektlərinə zərbələr nəticəsində minlərlə abonent işıqsız qalıb. Ən ağır vəziyyət cəbhə və sərhəd bölgələrindədir, bərpa işləri isə davamlı döyüşlər səbəbilə çətinləşir. Ukrayna elektrik təchizatını sabit saxlamaq üçün Avropadan elektrik idxalını artırıb.

Link kopyalandı!
Son xəbərlər