Argentinanın keçmiş prezidenti Kristina Fernandes de Kirşner (2007-2015-ci illər) xəstəxanadan evə buraxılıb və korrupsiya işi üzrə cəzasını çəkdiyi mənzilinə qayıdıb.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə keçmiş dövlət başçısının iki həftə qaldığı tibb müəssisəsi məlumat yayıb.
"Kristina Fernandes de Kirşner ağırlaşan kəskin appendisit səbəbindən yerləşdirildiyi xəstəxanadan evə buraxılıb. Növbəti müşahidə onun şəxsi tibbi komandası tərəfindən ev şəraitində həyata keçiriləcək" , - deyə xəstəxananın bəyanatında bildirilir.
Xatırladaq ki, Kirşner 2025-ci il dekabrın 20-də qarın nahiyəsindəki ağrılarla xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, 2022-ci ilin dekabrında məhkəmə Santa-Krus əyalətində infrastruktur layihələrinin icrası zamanı korrupsiya işi üzrə onu altı il müddətinə azadlıqdan məhrum edib.