Bizi sosial şəbəkələrdən izləyin:
Fransa Xarici İşlər Nazirliyi ABŞ-nin Venesuelaya müdaxiləsinin və ölkə prezidenti Nikolas Maduronun saxlanılmasının beynəlxalq hüquqa zidd olduğunu və bunun qlobal təhlükəsizlik üçün ağır nəticələr doğura biləcəyini bildirib.
Moderator.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro açıqlama verib.
Nazir qeyd edib ki, Nikolas Maduronun saxlanılması ilə nəticələnən hərbi əməliyyat beynəlxalq hüququn əsas prinsiplərindən biri olan gücdən istifadə edilməməsi prinsipinə ziddir. O vurğulayıb ki, heç bir dayanıqlı siyasi həll kənardan zorla diktə edilə bilməz və suveren xalqlar öz gələcəklərini özləri müəyyən etməlidirlər.
Jan-Noel Barro Venesuela rəhbərliyinin siyasətini tənqid etsə də, Parisin Venesuela xalqının suverenliyinə hörmət etdiyini və məhz xalqın iradəsinin həlledici olmalı olduğunu bildirib. Fransa XİN rəhbəri ABŞ-nin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi xüsusi məsuliyyət daşıdığını vurğulayıb və bu prinsipin pozulmasının bütün dünya üçün qaçılmaz ağır nəticələrə gətirib çıxara biləcəyini deyib.
O, həmçinin Fransanın BMT Nizamnaməsinə sadiq qaldığını və bütün dövlətləri bu sənədə əməl etməyə çağırdığını qeyd edib.