Bizi sosial şəbəkələrdən izləyin:
Nikolas Maduronun ABŞ tərəfindən ələ keçirilməsindən sonra onun səlahiyətini icraçı vitse-prezident Delsi Rodrigez icra edir.
Venesuelanın siyasi arenasında uzun illər fəaliyyət göstərən Delsi Rodrigez ölkənin ikinci qadın icraçı vitse-prezidenti olaraq tarixi bir rol oynayır.
Moderator.az xəbər verir ki, Rodrigez 18 may 1969-cu ildə (bəzi mənbələrdə 29 aprel 1970) Karakasda anadan olub. Atası Xorxe Antonio Rodrigez solçu İnqilabi Hərəkatın lideri və Marksist “Sosialist Liqa” partiyasının qurucusudur. Gənclik illərində tələbə hərəkatının fəal üzvü olan Rodrigez Venesuela Mərkəzi Universitetində hüquq təhsili alıb və Parisdə təcrübə keçib.
Karyerasına universitetdə müəllim kimi başlayan Rodrigez 2003-cü ildə Energetika Nazirliyində işə başlayıb. 2005-ci ildə Xarici İşlər Nazirliyində Avropa ilə əlaqələr üzrə nazir müavini olub, 2006-cı ilin fevral-avqust aylarında isə Uqo Çavesin prezidentliyi dövründə nazir vəzifəsini tutub.
2013-cü ildə prezident Nikolas Maduro onu kommunikasiya və informasiya naziri təyin edib, 2014-cü ildə isə ölkənin tarixində bir ilk olaraq xarici işlər naziri postuna gətirilib. 2017-2018-ci illərdə Konstitusiya Assambleyasının sədri olub, 2018-ci ildə isə solçu “Biz - Venesuela” partiyasının rəhbəri seçilərək müxalifətlə aparılan danışıqlarda əsas simalardan birinə çevrilib.
2018-ci ilin iyun ayında Maduro onu Vitse-Prezident və Bolivar Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə təyin edib. Rodrigez həmçinin bir sıra ölkələr tərəfindən, o cümlədən Kanada, Avropa Birliyi və ABŞ tərəfindən sanksiyalara məruz qalıb. Onun qardaşı Xorxe Rodrigez isə Milli Assambleyanın sədri olaraq Venesuela siyasətində mühüm rol oynayır. /Musavat.com/