İranda etirazlar pik həddə: İqtisadi çöküş qiyama çevrilir – “Molla rejimi”nin sonu yaxınlaşır?
Dünya
1694
11:35, Bu gün

İranda etirazlar pik həddə: İqtisadi çöküş qiyama çevrilir – “Molla rejimi”nin sonu yaxınlaşır?

 “İranda baş verən kütləvi etirazlar mahiyyət etibarilə spontan sosial narazılıq deyil, uzunmüddətli iqtisadi deqradasiyanın siyasi böhrana çevrilməsi prosesinin açıq təzahürüdür. Son 5 gündür ki, İran yeni iğtişaşların və etirazların artan dalğalarında boğulur”
 
Moderator.az xəbər verir ki, bu sözləri politoloq Amid Əliyev deyib. O qeyd edib ki, bu etiraz dalğası əvvəlkilərdən fərqli olaraq təkcə mədəni və ya hüquqi motivlərə deyil, birbaşa makroiqtisadi göstəricilərin dağılması üzərində formalaşıb və qısa müddətdə rejimin iqtisadi legitimliyini hədəfə alan siyasi xarakter alıb:
 
“Artqı Firdovsi və Məşhəd universitetlərinin tələbələri islam respublikasına qarşı şüarlar səsləndirir, Kirmanşah və Mərvədaş şəhərlərində isə monarxiya dəstəkli "Cavad Şah" (yaşasın Şah) kimi şüarlar səsləndirilir və Ali Dini Liderin hakimiyyətdən uzaqlaşdırılması qəti imperativ kimi tələb olunur. Bu da onu deməyə əsas verir ki, iğtişaların sosial platformasının formalaşmasında daxildəki müxalif qüvvələr də iştirak edir. Etirazların əsas hərəkətverici mexanizmi valyuta böhranıdır. 2025-ci ilin dekabrında İran rialı ABŞ dollarına nisbətdə tarixi minimuma enərək 1 dollar ≈ 1,38–1,45 milyon rial səviyyəsində ticarət olunmağa başladı. Müqayisə üçün, 2022-ci ildə bu göstərici təxminən 400–450 min rial civarında idi. Bu, cəmi üç il ərzində rialın təxminən 3–4 dəfə dəyər itirməsi deməkdir. Valyuta məzənnəsinin bu səviyyədə çökməsi təkcə idxal xərclərini artırmadı, həm də dövlətin pul-kredit siyasətinə olan ictimai etimadı faktiki olaraq məhv etdi. Valyuta böhranı birbaşa inflyasiya partlayışına səbəb oldu. Rəsmi statistikaya əsasən illik inflyasiya 40–45% aralığında göstərilsə də, qeyri-rəsmi və müstəqil qiymətləndirmələrdə real inflyasiyanın 50%-ə yaxınlaşdığı, ərzaq məhsulları üzrə isə 70%-dən artıq olduğu bildirilir. Əsas istehlak mallarının, xüsusilə çörək, düyü, ət, dərman və yanacağın qiymətindəki artım aşağı və orta gəlirli təbəqələr üçün yaşayış xərclərini kəskin şəkildə dözülməz həddə çatdırıb.  Nəticədə, etirazlar ilkin mərhələdə bazar sahibləri, kiçik sahibkarlar və gündəlik nağd dövriyyədən asılı olan sosial qruplar arasında alovlanıb”.
 
Politoloq prosesin bununla məhdudlaşmadığına qiddət çəkib:
 
“Qısa müddət ərzində etirazlar Tehran, İsfahan, Şiraz, Məşhəd, Təbriz, Kirmanşah daxil olmaqla onlarla şəhəri əhatə edib və 21-dən çox vilayətdə müşahidə olunub. Sosial tərkib də genişlənib: tələbələr, sənaye işçiləri, dövlət sektorunda çalışanlar, pensiyaçılar və işsiz gənclər etirazlara qoşulub. Bu, İran cəmiyyətində iqtisadi narazılığın siniflərarası xarakter aldığını və artıq yalnız marjinal qruplarla məhdudlaşmadığını göstərir. Bu dəfə baş verən etiraz və iğtişaşlar özlüyündə 2022-ci ildə Məhsa Əmini qətlindən sonra daha böyük və mütəşşəkil etiraz hesab olunur. Etirazların mühüm xüsusiyyəti onların iqtisadi tələblərdən siyasi şüarlara transformasiyasıdır. Başlanğıcda “qiymət artımına son”, “valyuta sabitliyi” kimi çağırışlar üstünlük təşkil etsə də, qısa müddətdə şüarlar rejimin idarəçilik modelinə, korrupsiyaya və siyasi məsuliyyətsizliyə yönəlib. Bu mərhələdə iqtisadi böhran artıq texniki problem deyil, siyasi legitimlik məsələsi kimi qavranılmağa başlanıb.
Dövlətin cavabı əsasən təhlükəsizlik tədbirlərinin bərqərar olması yönümlü olub. Müxtəlif mənbələrə görə, toqquşmalar zamanı ən azı bir neçə nəfər həlak olub, onlarla insan yaralanıb və yüzlərlə şəxs saxlanılıb. Təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi etirazların miqyasını qismən azaltsa da, sosial narazılığın struktur səbəblərini aradan qaldırmayıb. Paralel olaraq hökumət müəyyən simvolik iqtisadi addımlar atmağa çalışıb. Mərkəzi Bank rəhbərliyində dəyişiklik edilib, valyuta bazarına müdaxilə vəd olunub, sosial kompensasiyalar gündəmə gətirilib. Lakin bu tədbirlər ictimaiyyət tərəfindən gecikmiş və yetərsiz kimi qiymətləndirilir. Əslində, mövcud vəziyyət İranın illərdir üzləşdiyi struktur iqtisadi problemlərin apogey nöqtəsidir. Beynəlxalq sanksiyalar, neft gəlirlərindən həddindən artıq asılılıq, zəif institusional idarəetmə, korrupsiya və qeyri-şəffaf iqtisadi qərarlar, eləcə də 12 günlük müharibə zamanı İranın hərbi və təhlükəsizlik sistemində üzə çıxan ciddi problemlər ölkəni dərin və çoxşaxəli böhranla üz-üzə qoyur”.
 
Politoloq sonda qeyd edib ki, 2025–2026 etirazları bu problemlərin artıq yalnız iqtisadi deyil, siyasi sabitliyi birbaşa təhdid edən faktorlar olduğunu açıq şəkildə üzə çıxarıb:
 
“Beləliklə, İranda baş verən son iğtişaşlar sadəcə qiymət artımına reaksiya deyil. Bu, iqtisadi çöküşün siyasi etirazlara çevrildiyi, dövlətlə cəmiyyət arasındakı sosial müqavilənin sındığı bir mərhələdir. Rəqəmlər rialın kəskin devalvasiyası, yüksək inflyasiya və alıcılıq qabiliyyətinin çökməsi, etirazların təsadüfi deyil, obyektiv iqtisadi reallığın məhsulu olduğunu göstərir. Mövcud trend dəyişməzsə, İran üçün bu proses təkcə sosial gərginlik deyil, uzunmüddətli siyasi qeyri-sabitlik riski vəd edir”.
 
Mehin Mehmanqızı
Link kopyalandı!
Son xəbərlər