Braziliya millisinin və "Barselona"nın sabiq futbolçusu Dani Alveş Portuqaliyanın üçüncü liqa klubu "San-Juan-de-Ver"in həmsahibi olub.
Moderator.az-ın məlumatına görə, bu barədə komandanın Mətbuat Xidməti məlumat yayıb.
Klub Alveşin gəlişinin sadəcə struktur dəyişiklikləri deyil, "dünyanı fəth edən bir insanın təcrübəsi ilə heç vaxt inamını itirməyən bir klubun ruhunun görüşü" olduğunu bəyan edib.
"San-Juan-de-Ver" 14 turdan sonra A qrupunda sonuncu yerdədir.
Qeyd edək ki, Alveş karyerası ərzində Braziliya milli komandası və "Barselona", "Sevilya", "Yuventus" və PSJ kimi klubların tərkibində 43 kubok qazanıb. Ondan çox kubok qazanan yalnız Lionel Messi var.
Xatırladaq ki, 2023-cü ilin yanvarında futbolçu Barselonadakı gecə klubunda zorlama hadisəsi ilə bağlı saxlanılmışdı. 2024-cü ilin fevralında ona dörd il yarım həbs cəzası verildi, lakin 2025-ci ilin martında o, apelyasiyada qalib gəldi və bəraət aldı.