İtaliyalı qolfçu Emanuele Qaleppini İsveçrənin Kran-Montana kurortunda barda baş verən yanğında ölüb.
Moderator.az-ın "RMC Sport" nəşrinə istinadən xəbərinə görə, 16 yaşlı qolfçunun həyatını itirməsi barədə İtaliya Qolf Federasiyası sosial media hesabında açıqlama yayıb.
"Federasiya Emanuele Qaleppinin vəfatından kədərlənir. Bizim bütün düşüncələrimiz onun ailəsi və sevənləri ilədir. Emanuele, sən əbədi olaraq qəlblərimizdə qalacaqsan", - deyə paylaşımda bildirilib.
Xatırladaq ki, Yeni il gecəsi İsveçrənin Kran-Montana alp kurortunda barda şənlik zamanı partlayış olub, daha sonra yanğın başlayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə nəticəsində təxminən 40 nəfər ölüb, 115 nəfər ağır yaralanıb.
Şahidlər deyiblər ki, yanğına səbəb pirotexniki vasitə olub, tavana yaxınlaşdırılan vasitə anidən alovlanmaya səbəb olub. Faciə diskotekanın keçirildiyi zirzəmidə baş verib, insanlar yanan məkanda bloklanmış vəziyyətdə qalıblar.