Türkiyənin hərbi sıçrayışı - Avropa 2026-da “cavab” hazırlayır
Dünya
204
01 Jan 2026 | 23:55

Türkiyənin hərbi sıçrayışı - Avropa 2026-da “cavab” hazırlayır

2026-cı ildə “12 ədəd “Qızıl Alma”nın Türkiyə Ordusuna rəsmi təhvil verilməsi” barədə hələ dövlət qərarı elan edilməyib. Bu rəqəm daha çox planlanan ilkin əməliyyat partiyası kimi müzakirə olunur. Bununla belə, platformanın özü və yaratdığı strateji təsir artıq aydın görünür.

Moderator.az xəbər verir ki. bu barədə mühacir jurnalist Elbəyi Həsənli qeyd edib.

O bildirib ki, “Qızıl Alma” klassik PUA deyil, reaktiv mühərrikli, şəbəkə əsaslı, hava–hava və hava–yer missiyalarına uyğun insansız qırıcıdır:

“Hətta məhdud sayda, məsələn, 12 ədədin inventara daxil olması belə Türkiyə üçün kəmiyyət yox, keyfiyyət dəyişikliyi deməkdir.

“Qızıl Alma” Türkiyə Ordusuna nə verəcək? Yüksək riskli əməliyyatlarda pilot itkisi sıfırlanır, insanlı–insansız döyüş aparatları sinxron hərəkət edir, pilotsuz aviasiya konseptinin həyata keçməsi yeni mərhələyə keçir. Qısası, “Qızıl Alma” gələcək müharibənin laboratoriyasıdır.

2026-cı il Türkiyə üçün yeni silahların çoxaldığı yox, müharibə aparma üsulunun dəyişdiyi mərhələdir. “Baykar” və TUSAŞ xətti ilə paralel olaraq stealth xüsusiyyətli “Anka-3” kimi platformalar, KAAN layihəsində uçuş testlərinin dərinləşməsi, milli hava–hava və hava–yer raketlərinin istehsalının artırılması prioritetə çevrilir. Burada əsas hədəf tək-tək platformalar deyil, vahid döyüş ekosistemidir.

Qərbin cavabı necə olacaq? Məsələnin ən həssas tərəfi də buradadır. Qərb Türkiyənin bu texnoloji istiqamətinə gecikmiş, amma narahat reaksiyalar verir. Avropa hazırda iki böyük layihəyə güvənir. Fransa mərkəzli və Fransa–Almaniya–İspaniya konsorsiumu tərəfindən həyata keçirilən 6-cı nəsil hava döyüş sistemi layihəsi və Böyük Britaniya mərkəzli “Tempest” 6-cı nəsil döyüş təyyarəsi layihələridir. Layihə hazırda Böyük Britaniya, İtaliya və Yaponiya tərəfindən GCAP (Global Combat Air Programme) çərçivəsində icra olunur.

Amma problem aydındır: bu layihələr bahalı, siyasi baxımdan ağır və zaman baxımından gecikmişdir. Türkiyənin yolu isə fərqlidir — mərhələli, ucuz, real döyüş təcrübəsinə söykənən silah istehsalı.

Qərbin dilemması belədir: Türkiyənin yaratdığı insansız qırıcı reallığını qəbul edib doktrinanı dəyişmək, yoxsa mövcud insanlı sistemləri qoruyaraq texnoloji baxımdan geridə qalmaq.

Hər iki seçim siyasi risk daşıyır. Birincisi, Avropanın illərlə qurduğu aviasiya iyerarxiyasını dağıdır. İkincisi isə onu fakt qarşısında qoyur.

Yəni “Qızıl Alma”nın neçə ədəd olacağı mahiyyətdə həlledici deyil. Həlledici olan odur ki, Türkiyə müharibənin gələcəyinə ilk uyğunlaşan ölkələrdən biridir. 2026-cı il Türkiyə üçün silahların deyil, oyun qaydalarının dəyişdiyi il olacaq. Qərb isə bu qaydaları ya qəbul etməli, ya da gecikmənin nəticələri ilə üzləşməlidir. Bu artıq texnologiya yarışı deyil, strateji adaptasiya imtahanıdır.

Bir şeyi də deyim. Türkiyə hərbi sənayesində davam edən inqilabi dəyişikliklər Azərbaycana, bütövlükdə türk dünyasına böyük avantaj verir. Başqa bir önəmli məqamsa onunla bağlıdır ki, Türkiyə silah istehsalına Azərbaycanı və türk dünyasını da cəlb edir. Bu, strateji məsələdir. Və bu istiqamətdə fəaliyyəti genişləndirməkdə fayda var...”

Link kopyalandı!
Son xəbərlər