Dünya
375
18:47, Bu gün

"Biz vətən, həqiqət və ədalət uğrunda vuruşuruq" - Putin

"Kreml diktatoru Yeni il müraciətində sülhə yox, müharibəyə köklənib…"

Rusiyanın 2026-cı ilə müharibə ritorikası ilə daxil olması artıq sürpriz deyil. Prezident Vladimir Putin Yeni il müraciətində vətəndaşları təbrik edərkən əsas vurğunu Ukraynaya qarşı davam edən müharibəyə yönəldib.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.

Rusiya televiziyası ilə yayımlanan çıxışda Putin cəbhədə döyüşən hərbçiləri "vətən, həqiqət və ədalət uğrunda vuruşan qəhrəmanlar" adlandırıb və onlara "sözlə və əməllə" dəstək verdiyini bildirib. O, "qələbəyə inandığını" deyib, lakin Rusiya ordusunun müharibədə verdiyi itkilərə toxunmayıb. Müraciətin qalan hissəsində isə "minillik tarix", "milli birlik", "suverenlik və təhlükəsizlik" kimi klassik dövlət anlayışları ön plana çıxıb.

Sükutla ört-basdır edilən itkilər

Putinin danışmadığı itkilər müstəqil mənbələrin hesabatlarında əksini tapır. BBC-nin rus xidməti və "Mediazona"nın açıq mənbələrə əsaslanan araşdırmasına görə, 2025-ci ilin dekabrınadək Ukraynaya qarşı müharibədə azı 155 mindən çox Rusiya hərbçisinin ölümü təsdiqlənib. Bu rəqəm yalnız kimliyi müəyyən edilənləri əhatə edir.

Ekspertlər real itkilərin daha yüksək olduğunu bildirir. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının qiymətləndirməsinə görə isə müharibə ərzində Rusiya ordusunun ölən və yaralanan şəxsi heyəti 1,2 milyonu keçib. Buna baxmayaraq, Kremlin ictimai ritorikasında bu mövzuya toxunulmur.

Moskva geri çəkilməyə hazır deyil

Dekabrın sonunda Rusiya Baş Qərargahı ilə müşavirədə Putin Ukraynanı müharibəni başlatmaqda və "sülh yolu ilə həll istəməməkdə" ittiham edib. O, Rusiyanın məqsədlərinə "silahlı yolla nail olmağa hazır" olduğunu açıq şəkildə bəyan edib. Bu mövqe Kremlin 2026-cı ilə eskalasiya niyyəti ilə daxil olduğunu göstərir.

Bu fon üzərində Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba müharibənin 2026-cı ildə bitməsi ehtimalını "sıfıra yaxın" qiymətləndirir. Onun fikrincə, hətta atəşkəs də qış bitənədək real görünmür. Kuleba hesab edir ki, Rusiya qış aylarında enerji infrastrukturu və şəhərlərə zərbələrlə Ukrayna cəmiyyətinin müqavimət iradəsini sarsıtmağa çalışır.

Müharibənin iqtisadi cəbhəsi: Odessa hədəfdə

Bu strategiyanın əsas nümunələrindən biri Rusiyanın Odessaya hücumlarının intensivləşməsidir. "The Wall Street Journal" yazır ki, Moskva Ukraynanın ixrac və enerji infrastrukturunu vuraraq ölkə iqtisadiyyatını sarsıtmağa çalışır.

Odessa limanları Ukrayna üçün taxıl ixracının və maliyyə sabitliyinin əsas dayağıdır. 2025-ci ilin dekabrında şəhər ən çox zərbəyə məruz qalan yaşayış məntəqələrindən biri olub. Hücumlar nəticəsində enerji şəbəkələri, taxıl anbarları və liman infrastrukturu zədələnib, mülki əhali arasında itkilər qeydə alınıb.

2026 sülhlə yox, eskalasiya ilə başlayır

Putinin Yeni il müraciəti Kremlin strateji xəttini açıq şəkildə göstərir: itkilərdən danışmayan, sülhdən deyil, qələbədən bəhs edən və müharibəni həm hərbi, həm də iqtisadi müstəvidə davam etdirən yanaşma. Ukrayna tərəfi isə hesab edir ki, müharibə yalnız Moskva Ukraynanı ram etməyin mümkünsüzlüyünü qəbul edəcəyi halda bitə bilər. 2026-cı il hələlik sülh ili kimi yox, uzanan qarşıdurmanın növbəti mərhələsi kimi görünür.

Link kopyalandı!
Son xəbərlər