"Li Sya texnologiya və iradə ilə insan potensialının sərhədlərini aşdığını sübut edib..."
Çinin Çunçin şəhərindən olan 36 yaşlı Li Sya yalnız bir barmağını hərəkət etdirə bilən və tənəffüs aparatına bağlı bir şəxs olaraq ağıllı təsərrüfat idarəetmə sistemi hazırlayıb və startapını qurub.
Moderator.az xəbər verir ki, bu barədə "South China Morning Star" nəşri yazıb.
Uşaqlıqdan başlayan mübarizə
Nəşr yazır ki, onun hekayəsi bilik və iradənin ən çətin şəraitdə belə insan həyatını dəyişə biləcəyini göstərən nümunəyə çevrilib. Liyə beş yaşında əzələ distrofiyası diaqnozu qoyulub. Məktəbi beşinci sinifdə tərk etməli olsa da, öyrənmək həvəsi heç vaxt itməyib.
Fizika və informatika onun ən böyük marağı olub. 25 yaşında onlayn resurslardan istifadə edərək proqramlaşdırmanı özü öyrənməyə başlayıb. "İlk dəfə kompüterlə tanışlığım evə gətirilən dərslik sayəsində oldu. Onu dəfələrlə oxudum və hər yeni il hansı kitabı gətirəcəyini səbirsizliklə gözləyirdim", - Li xatırlayır.
Güc və texnologiya ilə gələn dönüş
İllər keçdikcə vəziyyəti pisləşib: əvvəl yerimək qabiliyyətini, sonra özünə qulluq imkanını itirib. Son illərdə yalnız bir barmaqla əlini və bir barmaqla ayağını hərəkət etdirə bilib. 2020-ci ildə komaya düşüb və həkimlər şansının az olduğunu bildirib.
2021-ci ildə o, torpaqsız bitki yetişdirmə texnologiyası ilə tanış olub və İnternet əşyaları (IoT) texnologiyasını kənd təsərrüfatı ilə birləşdirərək praktik tətbiq yaratmaq qərarına gəlib. Virtual klaviatura vasitəsilə, yalnız bir barmaqla Li tam funksiyalı ağıllı təsərrüfat sistemi qurub.
Anasının dəstəyi və texniki bacarıqların inkişafı
2017-ci ildə valideynlərinin boşanmasından sonra Li-yə qulluq anası Vu Dimeyə keçib. O, bütün praktik işləri oğlunun göstərişlərinə uyğun icra edib. Zamanla Vu Dimey elektrik sxemlərini, lövhələri lehimləməyi, şəbəkə bağlantılarını qurmağı və kənd təsərrüfatı avadanlığını idarə etməyi öyrənib.
Linin rəhbərliyi ilə o, uzaqdan idarə olunan yük dronunu da yığıb. "Anam indi hər şeyi bacarır. Nəzəriyyəni anlamasa da, kabelləri qoşmağı və avadanlığı quraşdırmağı bilir", - Li deyir. Hazırda Linin təsərrüfatı stabil işləyir və artıq gəlir gətirir. O, gələcəkdə yeni yetişdirmə texnologiyalarını sınamaq və məhsul çeşidini artırmaq, xüsusilə çerri pomidor yetişdirmək niyyətindədir.