Dünya
429
30 Dec 2025 | 22:55

"Putini sevindirəcək xəbər yoxdur: ölümsüzlük məsələsində gözləmək lazım gələcək" - Rusiya həkimlərindən açıqlama

"Yaşlanmaya qarşı universal həll uzaq perspektiv olaraq qalır..."

Rusiyada yaşlanmanı dayandıran və ya "gənclik eliksiri" kimi təqdim olunan universal preparatın yaradılması hələlik mümkün deyil.

Moderator.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Mixail Muraşko bəyan edib. Məlumatı "moscowtimes.ru" nəşri yayıb.

Universal həll yoxdur"

Nazir bildirib ki, belə bir vasitənin hazırlanması son dərəcə mürəkkəb elmi və tibbi vəzifədir. Onun sözlərinə görə, yaşlanmaya qarşı "bir həb" ideyası real deyil, çünki uzunömürlülük təkcə bir xəstəliyin və ya simptomun aradan qaldırılması ilə bağlı deyil. 

"Belə bir preparat ilk növbədə immun sisteminin tənzimlənməsi məsələlərini əhatə etməlidir. Uzunömürlülük mövzusu bu gün həm Rusiyada, həm də dünyada aktiv şəkildə maliyyələşdirilir, çünki söhbət təkcə ömrün deyil, sağlam ömrün uzadılmasından gedir", - Muraşko bildirib.

O, detallara varmadan Rusiyada artıq ömrün uzunluğunun artırılması istiqamətində müəyyən irəliləyişlərin olduğunu desə də, vurğulayıb ki, autoimmun xəstəliklər, şəkərli diabet və digər xroniki problemlər uzunömürlülüyə ciddi təsir göstərir.

Siyasi ritorika və "əbədi həyat" müzakirələri

Mövzu son aylarda Rusiya siyasi gündəmində də tez-tez səslənir. Noyabrda "Sberbank"ı rəhbəri German Qref 2032-ci ilə yaxın insanların "əbədi həyata yaxınlaşa biləcəyini" iddia edib.

Bu fikir amerikalı futurist Reymond Kurtsveylin nəzəriyyələrinə istinadla səsləndirilib və prezident Vladimir Putin tərəfindən də diqqətlə qarşılanıb. Putin hətta Rusiyada orta ömür uzunluğunun gələcəkdə 150 ilə çatdırıla biləcəyini söyləyib.

Qərb mediası isə daha sərt yanaşma sərgiləyib. "The Times" nəşri 2024-cü ilin payızında Putinin "əbədi həyat ideyasına aludə olduğunu" yazaraq, alimlərə yaşlanmaya qarşı vasitələrin hazırlanması tapşırığı verdiyini iddia edib. Bildirilir ki, Səhiyyə Nazirliyi elmi institutlardan hüceyrə yaşlanması, kognitiv pozuntular, osteoporoz və immun sisteminin gücləndirilməsi ilə bağlı hesabatlar tələb edib.

Statistika ritorikanı dəstəkləmir

Bunun fonunda isə rəsmi statistika daha təmkinli mənzərə göstərir. 2025-ci ilə olan məlumata görə, dünyada orta ömür uzunluğu 73 ildir, Rusiyada isə bu göstərici 73,4 il təşkil edir. BMT reytinqində Rusiya yalnız 139-cu yerdə qərarlaşıb. 

Müqayisə üçün, müharibə şəraitində olan Ukraynada belə orta ömür uzunluğu daha yüksəkdir. Qlobal liderlər sırasında Monako, San-Marino, Honqkonq, Yaponiya və Cənubi Koreya yer alır. Yaxın Şərqdə İsrail orta hesabla 82,7 il göstərici ilə ön sıralardadır.

Beləliklə, Rusiyada uzunömürlülük və hətta "əbədi həyat" mövzusu siyasi və texnoloji ritorikanın mərkəzində olsa da, səhiyyə rəsmiləri etiraf edir ki, yaşlanmaya qarşı universal həll hələ görünmür. Mövcud elmi axtarışlar daha çox ömrün keyfiyyətini və sağlamlığını qorumağa yönəlib, "gənclik eliksiri" isə hələlik futurist ideya olaraq qalır.

Link kopyalandı!
Son xəbərlər