Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyə nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkəsinin Ermənistanla irəliyə doğru addımlar ata bilməsi üçün əvvəlcə Azərbaycanla razılığın əldə olunmasının vacib olduğunu bildirib.
APA-nın yerli bürosu xəbər verir ki, Hazırda danışıqların aparıldığını qeyd edən Uraloğlu, Ermənistanın Zəngəzur dəhlizinə qarşı çıxmadığını da vurğulayıb:
“Ermənistanın əvvəlki və indiki nəqliyyat nazirləri ilə danışmışam. Onların Zəngəzur dəhlizinə qarşı çıxmaq kimi bir niyyətləri yoxdur. Azərbaycanla görüşlər aparılır və Trump da prosesi yaxından izləyir.
Azərbaycan və Ermənistanın əvvəlcə oturub razılığa gəlməlidir. Ondan sonra biz Türkiyə olaraq yaxşı qonşuluq münasibətləri çərçivəsində Ermənistanla daha irəliyə doğru addımlar ata bilərik. Amma bizim üçün prezidentimizin yanaşması da bu yöndədir.
Ermənistan Baş naziri Paşinyan’ın həqiqətən bu nöqtədə irəliləyiş üçün ciddi məsuliyyətlər götürdüyünü bilirik. Xarici İşlər Nazirliyimiz bütün prosesi aparır və biz də onlarla koordinasiyada işləyirik”, – deyə nazir qeyd edib.