Tramp hədələyir, etirazlar alovlanır: İranı nə gözləyir?
Dünya
270
13:01, Bu gün

Tramp hədələyir, etirazlar alovlanır: İranı nə gözləyir?

ABŞ Prezidenti Donald Tramp İranın ballistik raket proqramını yenidən qurmağa çalışacağı təqdirdə, ona qarşı başqa bir zərbəni dəstəkləyəcəyini bəyan edib.
Bu barədə o, İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüş zamanı jurnalistlərin suallarına cavabında deyib.
"Eşitdiyimə görə, İran yenidən güclənməyə çalışır və əgər belədirsə, biz onları məhv etməli olacağıq", - deyə Tramp bildirib.
ABŞ Prezidenti Donald Trampın İranla bağlı sərt və açıq təhdidləri Yaxın Şərqdə gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Eyni zamanda İranda dərinləşən iqtisadi böhran, milli valyutanın sürətlə dəyər itirməsi və narazılıqlar region üçün riskləri daha da artırır.
 
Donald Trampın bəyanatı genişmiqyaslı hərbi əməliyyatın anonsudur, yoxsa yalnız İranın raket və nüvə infrastrukturuna yönəlmiş məhdud hava zərbələri? Benzinin bahalaşması və rialın kəskin ucuzlaşması fonunda başlayan etirazlar Vaşinqtonun “rejim dəyişikliyi” strategiyası üçün real rıçaq ola bilərmi?
Moderator.az-a danışan ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımova deyib ki, İran rejiminin 12 günlük müharibədən sonra verdiyi bəyanatlar və bundan sonra raket istehsalını artırdığı xəbərləri İsraili fəaliyyətsiz qoya bilməzdi. Onun sözlərinə görə, İran rejiminin İarail üçün təhdid olmaqdan çıxması üçün İsrail Baş naziri Benyamin Netanyahu yürütdüyü siyasət ABŞ Prezidenti Donald Trampın hakimiyyətdə olmasından istifadə edib öz planlarını həyata keçirməkdən ibarətdir:
 
“Bu baxımdan İran rejiminə qarşı edilən əvvəlki hücum tam nəticəyə nail olmağa imkan verməyibsə, mütləq bunun ardı gələcək. Bu hücumun genişmiqyaslı hərbi əməliyyat şəkildə keçirilməsindən söhbət getmir. Burda hərbi obyektlərə, nüvə və raket istehsalı infrastrukturlarına zərbələrdən söhbət gedir. 
Eyni zamanda daxili rıçaqlarının da fəaliyyətə keçiriləcəyi böyük ehtimaldır. Molla rejimindən əvvəlki şah rejiminin liderlərinin şəkillərinin sosial mediada görünməsi belə düşünməyə əsas verir. Vaşinqtonun həmişəki kimi yenə də İsrailin arxasında duracağına şübhə yoxdur, xüsusən də, bu, Tramp olarsa. 
İran Prezidenti Məsud Pezeşkianın ölkə daxilindəki idarəçilik barəsindəki çarəsizliklə əlaqəli son çıxışından sonra rejimə qarşı etirazların baş qaldıracağı da bəlli idi. Hesab edirəm ki, İran rejimi çöküş ərəfəsindədir. Rejim daxildən çürüyüb. Saxta din anlayışı bu rejimin sonunu gətirir. İran rejimi saxta din anlayışı ilə öz xalqını və ətraf müsəlman ölkələrinin zəif xarakterli, fanatik insanlarını aldada bilər, amma İslam dininin əsl sahibi Allahı aldada bilməz. Bundan sonra İran rejiminin başına nə gələcəksə, bu, Allahın bu rejimə qəzəbinin nəticəsi olacaq”.
 
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər