Bizi sosial şəbəkələrdən izləyin:
Putinin Rusiyanın Novqorod vilayətində yerləşən dövlət iqamətgahı Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Hadisə ilə bağlı xəsarət alanların olmadığı bildirilsə də, Kremlin bu hücumu siyasi və təhlükəsizlik baxımından ciddi siqnal kimi qiymətləndirməsi diqqət çəkir.
Rusiya bu cür hücumlara cavab olaraq hansı addımları ata bilər? Bu hadisədən sonra Rusiya-Ukrayna müharibəsində eskalasiyanın daha da dərinləşməsi gözləniləndirmi?
Hərbi ekspert Üzeyir Cəfərov Moderator.az-a açıqlamasında bildirib ki, rəsmi Moskvanın açıqlamaları reallığı əks etdirmir və tamamilə uydurmadır:
“Bu, Rusiya rəhbərliyinin müharibəni dayandırmaq istəməməsindən irəli gəlir. Ukrayna tərəfi prezident Putinin Novqorod vilayətindəki dövlət iqamətgahına hücum edilməsi barədə məlumatları təkzib edib. Rusiya isə xarici işlər naziri Lavrov, Kremlin mətbuat katibi Peskov, Mariya Zaxarova və digər rəsmi şəxslər vasitəsilə bu iddiaları geniş təqdim etməyə çalışır. Rusiya Müdafiə Nazirliyi Ukrayna tərəfindən ümumilikdə 89 dronla zərbə endirildiyini açıqlayıb. Eyni zamanda Novqoroddakı iqamətgaha 90-dan çox dron hücumu edildiyi və hamısının zərərsizləşdirildiyi bildirilir. Bu, danışıqlar prosesini pozmaq və eskalasiyanı artırmaq üçün Kremlin növbəti hiyləsidir. Hazırkı Rusiya-Ukrayna müharibəsi Amerikanın iştirakı ilə aparılır. Rəsmi Vaşinqton Ukraynaya edilən hücumlara heç bir reaksiya vermədiyi halda bu hadisəyə kəskin reaksiya verib. Müharibənin dərinləşməsində əsas məsuliyyət Rusiya və ABŞ prezidentlərinə aiddir”.
Hərbi ekspert vurğulayıb ki, Rusiyanın bu hədə qorxuları və isterik açıqlamaları ölkənin çətin durumunu göstərir:
“Rusiya keçmiş prezidenti və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin Ukrayna prezidentinə ünvanladığı təhqiramiz ifadələr bunu açıq şəkildə nümayiş etdirir. Bu, həm Ukrayna prezidentinə, həm də Ukrayna xalqına yönəlmiş bir alçaldıcı hücumdur. Bu hal Rusiyanın vəziyyətinin nə qədər çətin olduğunu göstərir. Əvvəlki dövrlərdə ABŞ və digər ölkələrin Ukraynadakı hökumət binalarına zərbələrdən ciddi narahatlıq hiss olunmayıb. Lakin indi Rusiya mövcud olmayan təhlükələri öz xeyrinə istifadə etməyə çalışır. Ukraynanın hazırkı imkanları Kremlin mərkəzlərinə də zərbə endirməyə imkan verir, amma bu günə qədər buna getməyiblər və getmək niyyətləri yoxdur. Əgər gələcəkdə Ukraynanın qərar qəbuletmə mərkəzlərinə hücum olarsa, Rusiya Moskva və Sankt-Peterburqdakı hökumət və dövlət binalarına ciddi zərbələr endirəcək”.
Ekspert həmçinin ABŞ Prezidenti Donald Trampın Ukraynaya "Tomaqavk" raketini verilməməsi ilə bağlı açıqlamasını tənqid edib:
“Trampın “yaxşı oldu ki, raketləri Ukraynaya vermədim” açıqlaması onun nə qədər qeyri-ciddi siyasətçi olduğunu bir daha göstərir”.
Mehin Mehmanqızı