ABŞ və BMT Vaşinqtonun təşkilatının humanitar proqramlarını maliyyələşdirmə yanaşmasını dəyişdirən saziş imzalayıblar.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ vergi ödəyicilərinin hesabına israfçı, anti-Amerika və ya qeyri-səmərəli proqramları maliyyələşdirməyəcək.
"Bu gün Dövlət Departamenti və BMT ABŞ-nin təşkilatın humanitar işləri necə hazırlaması, maliyyələşdirməsi və nəzarətində köklü islahat aparacaq sazişi imzalayıb. Bu yolla Amerika vergi ödəyicilərinin daha az vəsaiti hesabına daha çox həyat xilas edilə bilər", - paylaşımda qeyd edilib.
ABŞ Dövlət katibi bildirib ki, yeni model BMT-nin humanitar fəaliyyətinin yükünü digər inkişaf etmiş ölkələrlə daha yaxşı bölüşdürməyə imkan verəcək.
"Bu, BMT-dən şişirdilmiş xərcləri azaltmağı, təkrarlanmaları aradan qaldırmağı, səmərəlilik, hesabatlılıq və nəzarətin yeni mexanizmlərini tətbiq etməyi tələb edir", - Rubio əlavə edib.
Daha əvvəl BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Tom Fletçer bildirib ki, ABŞ hakimiyyəti BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi tərəfindən idarə olunan humanitar fondlara rekord məbləğdə 2 milyard dollar ayırıb. "Associated Press" agentliyinin məlumatına görə, bu məbləğ əvvəlki illərdə Vaşinqtonun təşkilat çərçivəsində humanitar yardım proqramlarına verdiyi maksimum töhfədən təqribən doqquz dəfə azdır.