Dünya
331
20:55, Bu gün

"Netanyahunun zəfəri sülh üçün məğlubiyyətdir" - "Vedomosti"

"Yaxın Şərqdə İsrail qalib gəldi, amma müharibə bitmədi..."

İsrailin Qəzza bölgəsində Fələstinlə müharibəsi, ardınca "Hizbullah" və İranla birbaşa toqquşmalar ölkəyə hərbi üstünlük qazandırsa da, ciddi reputasiya itkisinə səbəb olub və regionda gərginliyi artırıb.

Moderator.az xəbər verir ki, bu barədə "Vedomosti" nəşri yazıb.

Qəzetin "Beynəlxalq təcrübə" bölməsinin MDB üzrə müxbiri Nurlan Qasımovun yazdığına görə, bu miqyasda səfərbərliklə İsrail sonuncu dəfə 1973-cü il oktyabr müharibəsində üzləşib.

Həmin vaxt hücuma hazırlıqsızlıq baş nazir Qolda Meirin siyasi karyerasını bitirmişdi. Benyamin Netanyahu isə 2023-cü ilin payızındakı kəşfiyyat fiaskosuna görə məsuliyyəti hərbçilərin üzərinə qoyaraq hakimiyyətdə qalmağa qərarlıdır.

Hərbi uğurlar və açıq qalan suallar

Dönüş nöqtəsi 2024-cü ilin yayında başladı : İsrail "HƏMAS"a bağlı qüvvələri zəiflətdi, "Hizbullah"ın rəhbərliyini sıradan çıxardı, Suriyada Əsəd rejiminin süqutu isə İranın regiondakı mövqelərini xeyli sarsıtdı.

Kulminasiya 2025-ci ilin iyununda 12 günlük İran-İsrail müharibəsi oldu. Bu qarşıdurmada İranın hərbi rəhbərliyindən onlarla şəxs öldürüldü, nüvə proqramı bir-iki il geri atıldı, HHM sistemi ağır zərər gördü.

Oktyabrda ABŞ prezidenti Donald Trampın təzyiqi ilə İsrail və HƏMAS atəşkəsə razılaşdı. Girovlar azad edilsə də, İsrail Qəzza bölgəsinin yarıdan çoxuna nəzarəti saxlayır və əsas məqsədə - islamçıların təşkilati strukturunun tam məhvinə nail ola bilməyib.

Qısa qələbə, uzun risk

Müharibə Netanyahunun reytinqini 58 faizə qaldırıb, bu da son illərin ən yüksək göstəricisidir. Lakin bunun əvəzində İsrailin Qərbdə beynəlxalq imici ciddi zərər görüb, anti-İsrail əhval-ruhiyyə güclənib. Hərbi üstünlük əsasən taktiki xarakter daşıyır. 

HƏMAS hələ də təxminən 20 min döyüşçüyə malikdir, "Hizbullah" isə silahsızlanmaq niyyətində deyil. İranın da 60 faiz zənginləşdirilmiş 400 kiloqram uran ehtiyatının taleyi qeyri-müəyyən qalır.

Netanyahunun strategiyası qısa müddətdə effekt versə də, Yaxın Şərqdə daha geniş və daha dağıdıcı münaqişələr üçün zəmin saxlayır.

Link kopyalandı!
Son xəbərlər