Roman Abramoviç bir vaxtlar sahib olduğu İngiltərənin “Çelsi” Futbol Klubunun satışından əldə olunan pulları Ukraynaya ötürməyib. Rusiyalı milyarderin nümayəndələri bildiriblər ki, Cersi adası hökumətinin biznesmenə qarşı başlatdığı istintaq və məhkəmə prosesi yekunlaşmayana qədər belə bir köçürmə əməliyyatı həyata keçirilə bilməz.
Moderator.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qərb mediasının yazdığına görə, sövdələşmə nəticəsində Abramoviç 2,5 milyard funt-sterlinq (£2,5 mlrd) əldə edib, lakin sanksiyalar səbəbindən bu vəsaitlər sahibkarın hesablarında dondurulub. Böyük Britaniya hakimiyyət orqanları isə öz növbəsində ondan həmin vəsaitləri Kiyevə köçürməyi tələb ediblər. Abramoviç isə “Çelsi”nin satışından əldə olunan pulları Ukraynaya vermək niyyətində deyil. Bunun üçün o, hüquqlarını məhkəmədə müdafiə etmək məqsədilə bir qrup hüquqşünas cəlb edib.
Abramoviç “Çelsi”ni 2003-cü ildə 140 milyon funt-sterlinqə (£140 mln) satın alıb. Həmin vaxtdan etibarən London klubu beş dəfə İngiltərə Premyer Liqasının (APL) çempionu olub, iki dəfə Çempionlar Liqasını və Avropa Liqasını qazanıb, beş dəfə İngiltərə Kubokunu, üç dəfə isə İngiltərə Liqa Kubokunu əldə edib. O, 2022-ci ilin mayında sanksiyalar səbəbindən klubu satıb.
(Trend)