"Qlobal siyasət geriyə dönüşü olmayan mərhələyə daxil olur..."
Geridə qalan il geosiyasi mənzərəni alt-üst etdi, qarşıdakı 2026-cı il isə dünyanın taleyini müəyyənləşdirəcək yolayrıcı olacaq.
Moderator.az xəbər verir ki, bu barədə CNN nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, eyni vaxtda bir neçə böyük böhran - ABŞ-ın Venesuela ilə qarşıdurması, Ukrayna və Yaxın Şərq müharibələri, Tayvan riski, terrorizmin geri dönüşü və süni intellekt yarışı qlobal sabitliyi sarsıdır.
ABŞ, Venesuela və "Tramp doktrinası"
CNN-in yazdığına görə, ABŞ Karib hövzəsində "soyuq müharibə" dövründən bəri görünməmiş hərbi güc cəmləyib. Donald Tramp Venesuelaya qarşı faktiki dəniz blokadası və hərbi təzyiq siyasəti yürüdür. Məqsəd Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmaqdır.
Bu yanaşma "Monro doktrinasının Tramp versiyası" kimi dəyərləndirilir: Vaşinqton Qərb yarımkürəsində hegemonluğunu açıq güc yolu ilə təsdiqləmək niyyətindədir. CNN hesab edir ki, 2026-cı ildə Maduronun taleyi bu strategiyanın uğur və ya fiasko olduğunu göstərəcək.
Ukrayna müharibəsi: həlledici beşinci il
2026-cı ildə Ukrayna müharibəsi beşinci ilinə qədəm qoyur. Nəşr qeyd edir ki, bu mərhələ adətən ya sülhə, ya da daha dağıdıcı hücuma aparır. Cəbhədə ciddi dönüş görünmür, əsas qərar isə Vaşinqtonda verilə bilər.
Trampın irəli sürdüyü sülh planı təhlükəsizlik zəmanətləri müqabilində ərazi güzəştlərini nəzərdə tutur. Əsas sual budur: danışıqlar iflasa uğrasa, Tramp məsuliyyəti Kremlə yükləyəcək, yoxsa Ukraynaya dəstəyi azaltacaq?
Tayvan, İsrail və İran: partlayış nöqtələri
CNN Tayvanı qlobal təhlükəsizliyin mərkəzi adlandırır. Trampın Pekinə planlaşdırılan səfəri adanın gələcəyini müəyyən edə bilər. Tayvan yarımkeçirici istehsalında kritik rol oynayır və mümkün münaqişə dünya iqtisadiyyatına 10 trilyon dollarlıq zərər vura bilər.
Eyni zamanda İsraildə 2026-cı ildə keçiriləcək seçkilər ölkənin müharibə uğurlarını diplomatik qazanca çevirib-çevirməyəcəyini müəyyən edəcək. İran isə dərin hərbi və iqtisadi böhran yaşayır: proksi qüvvələr zəifləyib, HHM və nüvə obyektləri zərbə alıb, rejimin gələcəyi sual altındadır.
Terrorizm və süni intellekt: yeni dövrün köhnə və yeni təhlükələri
CNN xəbərdarlıq edir ki, terrorizm yenidən yüksəlişdədir. Son illərdə diqqətin Çin və Rusiyaya yönəlməsi İŞİD və "Əl-Qaidə" kimi şəbəkələrin dirçəlməsinə şərait yaradıb.
Eyni vaxtda süni intellekt qlobal güc balansını dəyişir. Çin və ABŞ arasında süni intellekt yarışı yeni "kosmik yarış"a çevrilib. Texnoloji liderliyin bir an içində itirilməsi riski 2026-cı ili daha da qeyri-sabit edir.
Nəticə olaraq, CNN yazır ki, 2026-cı il sadəcə yeni bir il deyil - bu, dünya nizamının hansı istiqamətdə formalaşacağını müəyyən edəcək kritik mərhələdir. Səhv qərarlar bəşəriyyəti təhlükəli həddən o yana keçirə bilər.