"Monarx müharibələrin dərslərini, dinlərarası ortaq dəyərləri və texnologiyadan fasilə verməyin vacibliyini vurğulayıb..."
Böyük Britaniya kralı III Çarlzın ənənəvi Milad müraciəti sülh mövzusuna, keçmiş müharibələrin dərslərinə və müxtəlif dinləri birləşdirən ümumi dəyərlərə həsr olunub.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
Sülh, ümumi dəyərlər və keçmişin dərsləri
Çıxışdan sonra Milad mahnısını Ukraynadan olan qaçqınlardan ibarət xor milli geyimlərdə ifa edib. Kral Vatikan səfərini və Roma Papası XIV Leo ilə görüşünü, İkinci Dünya müharibəsində qələbənin 80 illiyi münasibətilə keçirilən tədbirləri, eləcə də ziyarət və səyahət mövzusunu xüsusi
qeyd edib.
İşarələr və sarsıntılar fonunda çağırış
Siyasi bəyanatlar olmasa da, monarxın sözlərində son bir ildə Britaniya və Birlik ölkələrinin yaşadığı faciələrə işarələr hiss olunub. Çıxış zamanı Avstraliyanın Bondi-Biç bölgəsində yəhudi icmasına qarşı törədilən hücumun, eləcə də Mançesterdə sinaqoqa hücum yerinə kralın səfərinin görüntüləri göstərilib.
Dekabrda britaniyalı xüsusi xidmət orqanlarının yəhudi icmalarına qarşı planlaşdırılan daha bir hücumun qarşısını aldığı da xatırladılıb. Bu il ölkənin müxtəlif bölgələrində miqrantlara qarşı etirazlar da gündəmdə olub.
"Sakit nöqtə" və rəqəmsal detoks
Müraciət Vestminster abbatlığında əvvəlcədən lentə alınıb. Kral hər kəsi dünya dinlərinin ortaq fəzilətləri üzərində düşünməyə və "bir anlıq dayanaraq" zehni sakitləşdirməyə çağırıb. O, T.S. Eliotun "dünyanın fırlanmasının sakit nöqtəsi" misrasını sitat gətirib.
BBC-nin məlumatına görə, bu, yeni texnologiyaların insanlara təsirinə işarə və rəqəmsal detoksa çağırışdır. Çarlz mərhəmət və barış dəyərlərinin qorunmasının vacibliyini vurğulayıb, cəsarətin çətinliklər üzərində qələbə çaldığı hekayələrin ona ümid verdiyini deyib.
Müraciət Ukraynanın "Şedrik" kolyadkası əsasında yaranmış məşhur "Carol of the Bells" mahnısı ilə yekunlaşıb. Kral ailəsi Miladı ənənəyə uyğun olaraq Norfolkdakı Sandringem malikanəsində qarşılayıb.