“Dekabristlərin mirası bu gün necə yenidən yozulur..."
1825-ci il dekabrın 14-də (yeni təqvimlə dekabrın 26-da) Sankt-Peterburqdakı Senat meydanında baş verən dekabristlər üsyanı Rusiya tarixinin ən simvolik hadisələrindən biri sayılır.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
1825-ci il üsyanı və iki əsrlik yaddaş savaşı
Nəşr yazır ki, əksəriyyəti zadəgan və qvardiya zabiti olan üsyançılar I Nikolayın taxta çıxmasının qarşısını almağa çalışıb. Üsyan yatırılıb, beş nəfər edam olunub, 120-dən çox dekabrist isə sürgün və katorqa cəzasına məhkum edilib.
İki əsr ərzində dekabristlər ətrafında müxtəlif miflər formalaşıb: hakim ideologiyaya görə onlar ya "ilk rus inqilabçıları", ya da "təhlükəli qiyamçılar" kimi təqdim edilib. 2025-ci ildə, üsyanın 200 illiyi ərəfəsində isə Rusiya rəsmilərinin ritorikası açıq şəkildə mənfi ton alıb.
"Xarici təsirin subyektləri"
2025-ci ilin mayında Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda keçirilən "Dekabristlərin hüquqi ideyaları: lehinə və əleyhinə" adlı tədbirdə iştirakçılar yekdilliklə dekabristləri dövlətə zərər vurmaqda, xalqdan uzaq olmaqda və "xarici təsirin daşıyıcısı" olmaqda günahlandırdılar.
Ədliyyə naziri Konstantin Çuyçenko çıxışında xüsusi olaraq "xarici təsir" mövzusuna fokuslanıb. Onun sözlərinə görə, dekabristlər bu təsirin qurbanı deyil, məhz subyekti olub: Qərb ideyalarını könüllü şəkildə mənimsəyib, xüsusən ABŞ konstitusion modelinə heyran olublar. Maraqlıdır ki, müasir Rusiyada "xarici agent" siyahılarını formalaşdıran qurum da məhz Çuyçenkonun rəhbərlik etdiyi nazirlikdir.
Nazir üsyandan çıxarılan "əsas dərsi" belə ifadə edib: dövlət zəif olmamalıdır. Onun fikrincə, dekabristlərə verilən nisbətən yumşaq cəzalar monarxiyanın "həddindən artıq liberal və nəcib" olmasının göstəricisi idi və bu, siyasi rejimin zəifliyini üzə çıxarırdı.
Oxşar fikirlər dekabr ayında Ədliyyə Nazirliyində keçirilən başqa bir tədbirdə, eləcə də Federal Penitensiar Xidmətin rəhbəri Arkadi Qostevin çıxışında da səsləndirilib. Qostev dekabristləri misal gətirərək "siyasi məhbusların bir yerdə saxlanmasının təhlükəli nəticələrə yol aça biləcəyini" vurğulayıb.
Miflər, əks-miflər və bu günə daşınan keçmiş
BBC-yə danışan tarixçi Mixail Belousov xatırladır ki, "xarici mərkəzli sui-qəsd" mifləri hələ XIX əsrin əvvəllərində Avropada yaranıb. Parisdə yerləşən guya "ümumavropa inqilabi komitə"nin bütün qitəni idarə etdiyi iddia olunub. Bu miflər sonradan dekabristlərə də şamil edilib, baxmayaraq ki, üsyançıların özləri özlərini dövlət üçün təhlükə hesab etməyib.
Maraqlıdır ki, bu gün Rusiya rəsmiləri klassik konspirasiya nəzəriyyələrindən uzaq durmağa çalışsalar da, "zərərli Qərb ideyaları" anlayışı rəsmi tarix yozumunun əsas sütununa çevrilib. Prezidentin köməkçisi Vladimir Medinskinin redaktə etdiyi məktəb dərsliklərində də Qərbin Rusiyanı daxildən zəiflətmək planları açıq şəkildə vurğulanır.
Dekabristlər haqqında Leninin məşhur "xalqdan çox uzaq idilər" ifadəsi bu gün tamamilə fərqli məna kəsb edir. Əgər Lenin bunu sinfi şüurun olmaması kimi izah edirdisə, indiki rəsmi ritorikada bu fikir "milli ideyaya və dövlət birliyinə yadlıq" kimi təqdim olunur.
Belousovun fikrincə, dekabristlər Rusiya tarixində unikal fiqurlardır: onları həm bolşeviklər, həm mühacirlər, həm sovet dissidentləri, həm də müasir müxalifət simvol kimi istifadə edib. Bu gün isə rəsmi mövqe daha çox mühafizəkar mifə yaxınlaşır: dekabristlər Qərbə aludə olan, terrora yol açan və xalqı anlamayan bir qrup kimi təqdim edilir.
Tarixçinin qənaətinə görə, hazırda dövlətin dekabristlərə dair vahid konsepsiyasının olmaması təsadüfi deyil: bu obraz müasir siyasi mübarizədə aktiv istifadə olunmadığı üçün Kreml də ona qarşı ayrıca ideoloji xətt formalaşdırmağa ehtiyac duymur.