"Bu layihə ölkənin gələcəyini deyil, köhnə sistemin son dirənişini xatırladır..."
Ermənistanda dünyanın ən hündür İsa Məsih heykəlinin inşası "iman naminə xidmət" kimi təqdim olunsa da, layihə cəmiyyətdə dərin suallar və narazılıqlar doğurur.
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Der Spiegel" nəşri yazıb.
Oliqarxın "iman layihəsi" və korrupsiyanın kölgəsi
Layihənin arxasında Ermənistanın ən qalmaqallı fiqurlarından biri - milyardçı Qaqik Tsarukyan dayanır. Özünü "Tanrının qurucusu" kimi təqdim edən Tsarukyan, əslində, geniş biznes imperiyası, siyasi təsir şəbəkəsi və illərdir səslənən korrupsiya ittihamları ilə tanınır. Parlament seçkilərində rüşvət, qeyri-qanuni sahibkarlıq və vergidən yayınma ilə bağlı işlər hələ də bağlanmayıb, ölkəni tərk etməsi qadağandır.
Buna baxmayaraq, o, nəhəng heykəli milli dirçəliş rəmzi kimi qələmə verir və layihəni şəxsi imicinin "təmizlənməsi" üçün istifadə edir. Arxeoloji qalıqların üzərində tikintiyə hökumət icazəsi verilməsi isə ekoloqların və mütəxəssislərin etirazlarını kölgədə qoyub.
Kilsənin susqunluğu: ənənə yoxsa hesablanmış mövqe?
Erməni Apostol Kilsəsi əvvəlcə heykəlin kilsə ənənələrinə zidd olduğunu bəyan etsə də, sonradan susqunluğa qərq olub. Bu səssizlik təkcə teoloji mövqe deyil, həm də siyasi hesabın göstəricisi kimi dəyərləndirilir.
Tarixən özünü milli kimliyin "keşikçisi" sayan kilsə bu dəfə ya nüfuzunu itirməmək, ya da siyasi proseslərə təsir rıçaqlarını qorumaq üçün açıq qarşıdurmadan yayınır. Nəticədə "iman" adı altında aparılan layihə kilsə-dövlət münasibətlərində gizli savaşın alətinə çevrilir.
Paşinyanın xətti: köhnə miflərdən çıxış cəhdi
Baş nazir Nikol Paşinyan isə bu fonda erməni cəmiyyətini iflic edən köhnə miflərdən uzaqlaşdırmağa çalışır. Onun kilsənin siyasi təsirini azaltmaq, dövlət institutlarını dünyəviləşdirmək və Ermənistanı daimi revanşizm ritorikasından çıxarmaq cəhdləri sərt müqavimətlə qarşılanır.
Paşinyanın kilsə rəhbərliyini açıq tənqid etməsi, ruhanilərin bir hissəsinin həbs edilməsi və "dövlətin mənəvi təhlükəsizliyi" arqumenti əslində cəmiyyətin sağlamlaşdırılması və siyasi məsuliyyətin bərpası cəhdi kimi təqdim olunur. Hakimiyyətin "ya sülh, ya heç nə" xətti isə 2026 seçkiləri ərəfəsində əsas siyasi seçim kimi irəli sürülür.
101 metrlik İsa heykəli Ermənistanda iman rəmzindən çox, oliqarxik maraqların, kilsə məkrinin və siyasi yenilənmə cəhdlərinin toqquşduğu rəmzə çevrilib. Bu layihə ölkənin gələcəyini deyil, köhnə sistemin son dirənişini xatırladır.