"Mar-a-Laqoda planlaşdırılan görüş müharibənin gələcəyi üçün həlledici ola bilər..."
Ukrayna prezidenti Vladimir Zelenski ilə prezidenti Donald Tramp arasında görüş artıq bu bazar günü, dekabrın 28-də Trampın Floridadakı şəxsi iqamətgahı Mar-a-Laqoda baş tutacaq.
Moderator.az xəbər verir ki, bu barədə "nv.ua" nəşri məlumat yayıb.
Mar-a-Laqo Trampa məxsus özəl iqamətgahdır və görüşün məhz burada keçirilməsi danışıqların qeyri-rəsmi, lakin strateji baxımdan olduqca əhəmiyyətli olacağını göstərir.
"Çox şey Yeni ilə qədər həll oluna bilər"
Zelenski özü də səhər saatlarında Trampla "yaxın vaxtlarda" görüşəcəyini təsdiqləyib. Onun sözlərinə görə, ABŞ-la təmaslar intensivləşib və ukraynalı nümayəndə heyətinin rəhbəri Rüstəm Ömərov amerikalı tərəfdaşlarla aparılan danışıqlar barədə məlumat verib.
"Ən yüksək səviyyədə - prezident Tramp ilə görüş barədə razılığa gəldik. Bir günü də itirmirik. Çox şey Yeni ilə qədər həll oluna bilər", - Zelenski bildirib. Bundan əvvəl Ukrayna prezidenti Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə telefon danışığını da "həqiqətən yaxşı" adlandırıb.
Təhlükəsizlik zəmanətləri və sülh planı
Zelenskinin sözlərinə görə, ABŞ səfəri çərçivəsində əsas müzakirə mövzuları təhlükəsizlik zəmanətləri, iqtisadi razılaşmalar və Ukrayna ilə ABŞ arasında razılaşdırılan 20 maddəlik sülh planı olacaq. Hazırda bu planın təxminən 90 faizi razılaşdırılıb.
Ukrayna tərəfi həmçinin Donetsk və Luqansk vilayətləri ilə bağlı həssas məsələləri, Zaporojye AES-in idarə olunması variantlarını və Ukrayna ordusuna qoyula biləcək mümkün məhdudiyyətləri müzakirə etməyi planlaşdırır.
Zelenski bildirib ki, ABŞ-la təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli saziş faktiki olaraq hazırdır, lakin yekun qərar görüşün necə keçəcəyindən asılı olacaq. Eyni zamanda, Avropa tərəfdaşlarının da prosesə ən azı onlayn formatda cəlb edilməsi nəzərdə tutulur.