Dünya
1032
25 Dec 2025 | 21:43

"ABŞ özü üçün dağıdıcı olan qlobal hökmranlıq ideyasını rədd edir" - "The American Conservative"

"Yeni strategiya köhnə imperiya xəyallarına son qoyur..."

ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası Vaşinqtonun onilliklərdir davam edən qlobal hegemonluq iddiasından imtina etdiyini açıq şəkildə bəyan edir.

Moderator.az xəbər verir ki, bu barədə "The American Conservative" nəşri yazıb.

Nəşr bu sənədi Amerikanın xarici siyasətində ilk real dönüş nöqtəsi kimi qiymətləndirir. Məqalə müəllifi Uilyam Lind yazır ki, sənəd ikipartiyalı xarici siyasət "bataqlığının" - Amerikanın nəyin bahasına olursa-olsun dünyaya hökm etməli olduğu düşüncəsinin rəddidir. Donald Tramp bu yanaşmaya sadə və kəskin cavab verir: "Bəsdir!" 

Straregiyanın əsas cümləsi müəllifə görə təsadüfi deyil: "ABŞ özü üçün dağıdıcı olan qlobal hökmranlıq ideyasını rədd edir". Bu fikir bütün sənəd boyunca aparıcı xətt kimi keçir. Keçmişdə ABŞ-ın Yaxın Şərqi "öz surətində formalaşdırmaq" cəhdləri tənqid olunur, rejim dəyişikliyi siyasətindən imtina siqnalları verilir və Ukrayna münaqişəsinin dayandırılması Rusiyayla "strateji sabitliyin bərpası" üçün əsas maraq kimi göstərilir.

Çin və Rusiya: Bayden xəttindən fərqli kurs

Məqalədə vurğulanır ki, yeni strategiyanın ən ciddi fərqi Çinlə bağlı yanaşmadadır. "The Wall Street Journal"ın da qeyd etdiyi kimi, sənəd Pekinlə ideoloji qarşıdurmanı arxa plana keçirir və Çini ABŞ üçün əsas ekzistensial təhlükə kimi təqdim edən əvvəlki xəttdən uzaqlaşır. 

Müəllif hesab edir ki, illərdir Çin təhlükəsi arqumenti trilyonlarla dollar hərbi xərcləri əsaslandırmaq üçün istifadə olunub və bu, müharibəni "qaçılmaz sonluq" kimi normallaşdırıb. Eyni zamanda sənəd Rusiyayla münasibətlərin normallaşdırılmasına çağırış edir.

Lində görə, bu addım daha geniş bir məqsədə - dövlətlərin özünün qorunmasına xidmət edə bilər. Çünki müasir dünyada bir çox ölkədə real hakimiyyət dövlətlərin deyil, qəbilələrin, silahlı qrupların və ideoloji şəbəkələrin əlində cəmləşir. Dövlətçilik zəifləyir və bu, qlobal xaos riskini artırır.

G3 ideyası və "respublika, yoxsa imperiya?" sualı

Müəllifin ən radikal təklifi ABŞ, Rusiya və Çinin birgə ittifaqı ideyasıdır. Lind yazır ki, Tramp vaxtilə Çinlə "G2" formatını xatırladıb. Əgər bu yanaşma Rusiyanı da əhatə edən "G3" modelinə çevrilsəydi, məqsəd suveren dövlətlər sistemini qorumaq ola bilərdi. Bu "üçlüyün" şüarı isə sadə olardı: "Sülh, nizam və ticarət".

Məqalənin yekununda müəllif qeyd edir ki, Tramp özünü sülh yaradan lider kimi görür və müharibəyə instinktiv nifrəti var. Əgər o, həqiqətən də dövlətlərarası müharibələrin qarşısını almaq istəyirsə, ümumi düşməni düzgün müəyyən etməlidir.

Bu düşmən konkret bir ölkə deyil, dövlətçiliyin dağılması və dövlətlərdən kənar qüvvələrin apardığı "dördüncü nəsil müharibələrdir". Müəllifə görə, bütün dövlətləri öz varlığını qorumaq naminə bir araya gətirmək - məhz bu, qlobal miqyasda həyata keçirilmiş əsl "sövdələşmə sənəti" ola bilər və Trampın adını tarixə sala biləcək addımdır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər