Fransada saatda 50 kilometrdən çox sürət həddini aşan sürücülər üç aya qədər həbs və 3750 avro məbləğində cərimə olunacaqlar.
Moderator.az xəbər verir ki, bu barədə "Journal Officiel" nəşri məlumat yayıb.
Qeyd edilib ki, sərt qaydalar dekabrın 29-dan qüvvəyə minəcək.
"Sürət həddini əhəmiyyətli dərəcədə aşmaq qəza halında ağır nəticələrə səbəb olan xüsusilə təhlükəli davranışdır. Həddindən artıq sürət reaksiya müddətini azaldır, əyləc məsafəsini artırır, nəqliyyat vasitəsinin idarə olunmasını pozur və toqquşma zamanı zərbə gücünü artırır", - deyə Fransanın Yol Təhlükəsizliyi Departamenti sərt qaydaların tətbiqinə münasibət bildirib.
Yeni qaydalara görə, sürət həddini əhəmiyyətli dərəcədə aşan şəxslərin nəqliyyat vasitələri müsadirə olunacaq və onlar beş ilədək sürücülük hüququndan məhrum ediləcəklər. Həmçinin, sərt cəzaya məruz qalan sürücülər yol təhlükəsizliyi ilə bağlı maarifləndirmə kursunu da bitirməli olacaqlar.