Dieqo Maradonanın 1984-cü il İspaniya Kuboku finalında "Barselona" və "Atletik Bilbao"nun arasındakı matçda geyindiyi "futbolka" hərracda 179 min dollara (23% komissiya daxil olmaqla) satılıb.
Moderator.az "Matchday Football Auctions"a istinadən xəbər verir ki, bu, argentinalı ulduzunun klub forması üçün əldə edilmiş rekord məbləğdir.
"Santiago Bernabeu" stadionunda keçirilən həlledici matç "Atletik"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Final fiti çalındıqdan sonra meydanda hər iki klubun futbolçuları arasında kütləvi dava başlayıb. Davanın təşəbbüskarlarından biri olan Maradona üç ay müddətinə diskvalifikasiya olunub. Argentinalı hadisədən dərhal sonra o zaman üçün rekord sayılan 10.5 milyon dollar qarşılığında İtaliyanın "Napoli" klubuna transfer olunub.
"Barselona"nın texniki işçisi Maradonanın cırılmış köynəyini soyunub-geyinmə otağında tapıb. Onu bərpa edə bilməyən qadın "futbolka"nı suvenir kimi saxlamağa qərar verib. İllər sonra klub işçisi onu dostuna verib, sonuncu da oğluna ötürüb. Qırx il sonra bu xatirə əşyası hərracda satışa çıxarılıb. Formanın həqiqiliyini təsdiqləmək üçün ciddi yoxlama keçirilib. Promosyon çərçivəsində "Barselona"nın prezidenti Xuan Laporta köynəklə şəkil çəkdirib.
Xatırladaq ki, daha əvvəl 2022-ci ildə Dieqo Maradonanın 1986-cı il Dünya Çempionatının dörddəbir finalında İngiltərə komandasının qapısına "Əsrin qolu"nu vurarkən əynində olan Argentina milli komandasının futbolkası hərracda 9.28 milyon dollara satılıb. Oyunçunun ailəsi isə həmin əşyanın həqiqi olmadığını iddia edib.
