İranda Prezident Məsud Pezeşkianın istefası yenidən gündəmə gəlib.
Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" süjet hazırlayıb.
Süjetdə bildirilir ki, bu dəfə məsələ daha iri çaplı siyasi fiqur - İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf tərəfindən ortaya atılıb.
Belə ki, dekabrın 21-də parlamentin plenar iclasında spiker Pezeşkianı və onun başçılıq etdiyi hökuməti açıq şəkildə impiçmentlə hədələyib. Qalibaf ölkədəki iqtisadi problemlərin və əhalinin dolanışındakı çətinliklərin, o cümlədən bahalığın tüğyan etməsi və inflyasiyanın məsuliyyətini bütünlüklə Pezeşkian hökumətinin üzərinə qoyaraq deyib:
"Əgər atılan addımlar bir nəticə verməsə, hökumətdə dəyişiklik edilməsi prioritetə çevriləcək. Hökumət zəruri islahatları həyata keçirməsə, deputatlar impiçment proseduruna başlamağa məcbur olacaqlar".
Ölkədə və dünyada geniş diqqət çəkən bu açıqlamaya İranda nüfuzlu islahatçı qüvvələrdən biri olan "Milli Etimad" partiyasının sədr müavini İsmayıl Gerami Müqəddəm belə reaksiya verib:
"Hakimiyyət qollarından birinin rəhbərinin parlamentdəki xüsusi bir azlığın impiçment tələbinə söykənərək prezidenti və hökuməti təhdid etməsi yeni və indiyə qədər görünməmiş bir məsələdir. Əvvəllər heç vaxt hansısa hakimiyyət qolu başçısının hökumətə qarşı bu cür davranışının şahidi olmamışıq".
Daha ətraflı "Azad İran"ın "YouTube" kanalında yayımlanan videomaterialda: