Dünya
979
19:35, Bu gün

"İsrail və İran müharibə istəmir. Bəs onda niyə toqquşma riski artır?" - İsrail mətbuatı

"Yanlış hesablamalar və qarşılıqlı qorxular müharibəni qaçılmaz edə bilər…"

İsraildə İranın son hərbi addımları diqqətlə izlənilir və vəziyyətin yanlış hesablamalar ucbatından nəzarətdən çıxa biləcəyindən narahatlıq var. 

Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri yazıb.

Təlimlə hücum arasındakı incə xətt

Nəşrin yazdığına görə, əsas risk tərəflərin niyyətlərinin səhv şərh olunmasıdır. İranın ballistik raketlərlə bağlı təlimləri fonunda Təl-Əviv Vaşinqtona açıq mesaj göndərib: İsrail riskə getməyə və hərbi təlimlərin qəfil real hücuma çevrilə biləcəyi ssenarini qəbul etməyə hazır deyil.

Son günlər İranda keçirilən nümayiş xarakterli raket sınaqları və sərt bəyanatlar bu narahatlığı daha da artırıb. Tehran raket proqramının danışıqlar predmeti olmadığını vurğulayır və döyüş hazırlığını nümayiş etdirir. İsraildə hesab edirlər ki, tərəflər müharibə istəməsə də, yanlış interpretasiyalar yeni eskalasiyaya yol aça bilər.

Gərginlik niyə məhz indi artır?

İsrail mənbələrinə görə, İran rəhbərliyi iqtisadi böhran, enerji və su problemləri, artan ictimai narazılıq fonunda daxili təzyiq altındadır. Bu səbəbdən ictimai qəzəbin "xarici düşmənə", ilk növbədə İsrailə yönəldilməsi cəhdi güclənir.

Bundan əlavə, "Xalq aslan kimidir" əməliyyatı zamanı İranın aldığı reputasiya zərbəsi və itirilmiş "nüfuzu" bərpa etmək istəyi də gərginliyi artıran amillər sırasındadır. Tehran paralel olaraq HHM sistemini və raket arsenalını bərpa etməyə çalışır. Ballistik raketlər isə İsrail üçün "ekzistensial təhdid" olaraq qalır.

Koordinasiyaya əsaslanan strategiya və kəşfiyyatın siqnalları

Yaxın vaxtlarda Benyamin Netanyahunun ABŞ-a səfəri və prezident Donald Trampla görüşü gözlənilir. İsrail ümid edir ki, mümkün nüvə sazişi İranın ballistik raketlərini də əhatə edəcək. Bununla belə, Vaşinqtonun bu məsələdə sərt mövqe tutmaya biləcəyi Qüdsdə narahatlıq yaradır. İran mediasının raket sınaqları ilə bağlı yaydığı və sonradan təkzib etdiyi xəbərlər də qeyri-müəyyənliyi artırır.

İsrail kəşfiyyatına görə, Tehran raket potensialını mərhələli şəkildə bərpa edir, lakin hələ müharibədən əvvəlki səviyyəyə çatmayıb. "Mossad" hazırkı mərhələdə dərhal hərbi əməliyyatın qaçılmaz olduğunu düşünmür. Bununla belə, İsraildə vurğulanır: vəziyyət diqqətlə izlənilir və ölkəyə qarşı istənilən addım sərt cavabsız qalmayacaq.

Link kopyalandı!
Son xəbərlər