Kremli silkələyən qətl: Generalın ölümünün pərdəarxası
Dünya
2495
14:43, Bu gün

Kremli silkələyən qətl: Generalın ölümünün pərdəarxası

MDB liderlərinin Moskvada sammit üçün bir araya gəldiyi, Vladimir Putinin regional müttəfiqlərlə təhlükəsizlik və sabitlik mövzularını müzakirə etdiyi bir vaxtda paytaxtda baş verən güclü partlayış Rusiyada ciddi rezonans doğurdu. Hadisə nəticəsində Rusiya ordusunun yüksək rütbəli generallarından birinin həlak olması məlumatı, müharibənin artıq cəbhə xəttindən kənara çıxdığını göstərən növbəti siqnal kimi dəyərləndirilir. 
 
MDB sammiti fonunda Moskvada belə bir sui-qəsdin baş verməsi Kremlə hansı konkret mesajı verir? Ukrayna kəşfiyyatının adının hallanması müharibənin yeni mərhələyə – Rusiyanın daxilində hədəfli zərbələr mərhələsinə keçdiyini göstərir?
Moderator.az- a danışan politoloq Yusif Bağırzadə deyib ki, MDB liderlərinin Moskvada sammit üçün bir araya gəldiyi, Vladimir Putinin regional təhlükəsizlik və sabitlik mövzularını müttəfiqlərlə müzakirə etdiyi bir vaxtda Rusiya paytaxtında baş verən güclü partlayışın ciddi siyasi və psixoloji rezonans doğurması tamamilə təbiidir. Onun sözlərinə görə, MDB sammiti fonunda bu cür hadisənin baş verməsi təsadüfi deyil və Kremlə ünvanlanan çoxqatlı mesajlar ehtiva edir:
 
“Əvvəla, bu hadisə Rusiyanın uzun müddət qorumağa çalışdığı “təhlükəsiz arxa cəbhə” anlayışını ciddi şəkildə sarsıdır. Moskva təkcə siyasi mərkəz deyil, həm də dövlətin güc və nəzarət simvoludur. Belə bir məkanda yüksək rütbəli hərbi fiqurun hədəfə alınması Kremlin təhlükəsizlik sistemlərinin effektivliyi ilə bağlı suallar yaradır. Bu, daxili auditoriyaya “təhlükəsizlik” görüntüsünün zəiflədiyini, MDB müttəfiqlərinə isə Rusiyanın regional təhlükəsizliyin qarantı rolunun artıq əvvəlki qədər inandırıcı olmadığını göstərir.
Ukrayna kəşfiyyatının adının bu hadisə ilə bağlı hallandırılması müharibənin mümkün yeni mərhələyə keçidi kimi şərh oluna bilər. Əgər bu iddialar təsdiqini tapsa, söhbət Rusiyanın daxilində hədəfli və simvolik zərbələr strategiyasından gedə bilər. Belə yanaşma klassik hərbi əməliyyatlardan daha çox psixoloji təsirə hesablanıb və Rusiya hərbi-siyasi elitasına “toxunulmaz deyilsiniz” mesajı verir. Bu isə müharibənin yalnız ərazi nəzarəti uğrunda deyil, həm də iradə və davamlılıq uğrunda aparıldığını göstərir”.
 
“Hadisənin arxasında Rusiyanın daxili faktorlarının dayanması ehtimalı da var. Müharibənin uzanması fonunda elita daxilində ziddiyyətlərin dərinləşməsi, məsuliyyətin konkret şəxslərin üzərinə yönəldilməsi və ya sərt cavab addımlarını əsaslandırmaq üçün belə hadisələrdən istifadə edilməsi Rusiya siyasi tarixində yeni deyil. Bu baxımdan, partlayış həm də daxili güc balanslarının dəyişməsi kontekstində qiymətləndirilə bilər.
Nəticə etibarilə, hadisənin konkret icraçısından asılı olmayaraq əsas məqam dəyişmir. Bu məqam ondan ibarətdir ki, Rusiya üçün təhlükəsizlik anlayışı artıq yalnız xarici cəbhə ilə məhdudlaşmır. Moskvanın özündə baş verən bu cür hadisələr Kremlin həm daxili sabitlik, həm də beynəlxalq nüfuz baxımından daha mürəkkəb və riskli mərhələyə daxil olduğunu göstərir. Bu isə müharibənin gedişinə və regiondakı siyasi balanslara uzunmüddətli təsir göstərə biləcək amildir”,- deyə politoloq qeyd edib.
 
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər