Dünya
420
22 Dec 2025 | 23:50

"Ağcaqanadlar insanı GPS-dən də dəqiq izləyir" - Elmi tədqiqat

"Ağcaqanadların qoxu ilə hədəf seçmə bacarığı..."

"Current Biology" jurnalında dərc olunan yeni elmi araşdırma göstərir ki, malyariya daşıyan ağcaqanadlar insanları təsadüfən deyil, olduqca mürəkkəb və dəqiq bir sistemlə izləyir. 

Moderator.az xəbər verir ki, bu barədə "earth.com" saytı yazıb.

Qoxu əsas siqnaldır, istilik isə son mərhələdir

Nəşrin yazdığına görə, bu mexanizmin əsasında bədən istiliyindən daha çox insanın yaydığı qoxular dayanır. Tədqiqat Zambiyada açıq havada qurulmuş, həcmi təxminən 990 kubmetr olan xüsusi eksperimental zonada aparılıb. Alimlər gecə saatlarında yüzlərlə dişi malyariya ağcaqanadının davranışını müşahidə ediblər.

Nəticələr aydın olub: ağcaqanadlar insanın yaydığı qoxu axınını yüksək dəqiqliklə izləyir və birbaşa mənbəyə doğru hərəkət edir. Görmə və bədən istiliyi yalnız son mərhələdə - ağcaqanad artıq hədəfə çox yaxın olduqda işə düşür və eniş nöqtəsinin seçilməsinə kömək edir.

Araşdırma rəhbəri, Blum­berq İctimai Sağlamlıq Məktəbinin mütəxəssisi Konor MakMeniman bildirir ki, əsas rol insan dərisi və nəfəsi vasitəsilə havaya yayılan uçucu kimyəvi birləşmələrin mürəkkəb qarışığına məxsusdur. Məhz bu "qoxu izi" ağcaqanadlara saatlarla istiqamət göstərir.

Dəri turşuları: niyə bəzilərini daha çox sancırlar?

Eksperimentlər zamanı könüllülərin yatdığı çadırlardan çıxan hava axını insan dərisinin temperaturuna yaxınlaşdırılmış süni səthlərə yönəldilib. Ağcaqanadların haraya endiyi dəqiq şəkildə qeydə alınıb. Məlum olub ki, bəzi insanlar ağcaqanadlar üçün digərlərindən xeyli daha "cəlbedici"dir.

Bu fərq qısa zəncirli karboksil turşuları, xüsusilə süd turşusu və ammonyakla bağlıdır. Bu maddələrin kombinasiyası ağcaqanadlarda çox güclü reaksiya yaradır. Daha az sancılan insanlarda isə bu turşuların miqdarı aşağı, evkaliptol kimi digər birləşmələrin payı isə daha yüksək olur.

Alimlər vurğulayır ki, ağcaqanadların qoxu reseptorları məhz bu turşulara "köklənib". Bu da niyə eyni mühitdə bəzi insanların daim sancıldığını, digərlərinin isə nisbətən rahat qaldığını izah edir.

Müdafiə yolları və praktik nəticələr

Araşdırmanın praktik əhəmiyyəti böyükdür. Mütəxəssislər iki əsas istiqamət təklif edir: ağcaqanadları cəlb edən qoxular əsasında xüsusi tələlərin hazırlanması; insanın fərdi kimyəvi "profilinin" dəyişdirilməsi ilə onun daha çətin aşkarlanması. Ən effektiv mübarizə üsulunun bir neçə komponentin eyni vaxtda tənzimlənməsi ilə mümkün olacağı bildirilir. 

Bu biliklər səhiyyə qurumlarına qoruyucu torların, insektisidlərin və qoxu əsaslı tələlərin daha düzgün planlaşdırılmasında da kömək edə bilər. Xüsusilə ağcaqanadların artıq şimal regionlara, hətta İslandiya kimi ərazilərə qədər yayılmağa başlaması fonunda bu cür elmi nəticələr daha da aktuallaşır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər