Dronlar Türkiyəni hədəfə aldı - Ankaranı kimlər müharibəyə çəkməyə çalışır? 
Dünya
3240
12:43, Bu gün

Dronlar Türkiyəni hədəfə aldı - Ankaranı kimlər müharibəyə çəkməyə çalışır? 

Son beş gün ərzində Türkiyənin hava məkanında üç pilotsuz uçuş aparatı (PUA) insidenti qeydə alınıb. Qara dəniz istiqamətindən Türkiyə ərazisinə daxil olan naməlum PUA-nın F-16 qırıcıları tərəfindən vurulması, eləcə də İstanbul ətrafında aşkarlanan dronlar bu hadisələrin təsadüfi xarakter daşımadığını göstərir.  Bu PUA insidentləri strateji hücum cəhdidir, yoxsa Türkiyənin “nəbzinin yoxlanması”? Türkiyənin balanslı siyasəti hansı gücləri narahat edir və kimlər Ankaranı gərginliyə çəkmək istəyir?
Moderator.az-a danışan hərbi ekspert Səxavət Məmməd bildirib ki, Rusiya-Ukrayna müharibəsi artıq neytral qalan dövlətləri də ciddi şəkildə narahat edir və onlara problemlər yaradır:
 
“Xatırladaq ki, Rusiyanın tankerləri Ukrayna tərəfindən Türkiyə sahil sularında vuruldu. Ardınca Rusiya buna cavab olaraq Türkiyənin tankerini Odessa limanında hədəfə aldı.  Bundan sonra Türkiyə ərazisində dronlar peyda olmağa başladı və F-16 qırıcıları vasitəsilə zərərsizləşdirildi. Digər dron isə Türkiyə ərazisinə düşdü,  hətta Kocaelidə yerə düşməsi ilə bağlı görüntülər yayıldı.
Burada görünür ki, Türkiyəyə təzyiq göstərilir. Müharibədə neytral qalmağa çalışsa da, Türkiyənin Ukraynaya silah satması və Ukrayna ilə münasibətləri Rusiya üçün narahatlıq doğurur. Son dönəmlərdə S-400-lərin Rusiyaya qaytarılacağı ilə bağlı iddialar da ortaya çıxmışdı ki, bu, Ankara-Moskva münasibətlərində gərginlik yaradır. Dronların Türkiyə ərazisinə yönəldilməsi təsadüfi görünə bilər, amma bu, əslində həm test, həm də siqnal xarakteri daşıyır. Belə ki, dron uzun məsafə qət edərək dənizdən keçib Türkiyəyə daxil olursa və F-16 tərəfindən vurulursa, bu həm də Türkiyənin hava hücumundan müdafiə sistemləri və radarlarının sınağıdır.
Eyni cür hadisələr daha əvvəl Polşa, Estoniya, Rumıniya, Danimarka və Norveçdə baş vermişdi. Burada əsas məqam odur ki, Avropa ölkələri Türkiyəni bu prosesə çəkməyə çalışır və hadisələr həm strategiya, həm də balans yoxlaması xarakteri daşıyır”.
 
Ekspert əlavə edib ki, Avropa ölkələri açıq müharibəyə girməyəcək və bunu görmək çətin deyil. İndiki mərhələdə əsas sual Türkiyənin necə davranacağıdır:
 
“Türkiyə ya Rusiya və Ukrayna ilə oturub danışmalıdır, ya mövqeyini dəyişməli, ya da əvvəlki kimi neytral qalmalıdır. Burada xüsusilə S-400 məsələsi önəm daşıyır — Türkiyə bu məsələyə necə cavab verəcək? Eyni zamanda, Ankara bir neçə istiqamətdə gərginliklə üz-üzədir: Suriyada vəziyyət mürəkkəbdir, Afrikada isə digər gərginliklər mövcuddur.  Hazırkı mərhələdə gözlənilən odur ki, Türkiyə Rusiya ilə müəyyən danışıqlar aparacaq. Amma açıq görünür ki, Rusiya artıq yalnız Avropanın bəzi ölkələrini deyil, Türkiyəni də təhdid və test edə bilir".
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər