Çinlə Yaponiya arasında yanvar ayı üçün planlaşdırılmış 2 195 aviareys ləğv edilib.
Moderator.az “Yicai” nəşrinə istinadən xəbər verir ki, bu əvvəlcədən nəzərdə tutulan uçuşların 40,4 faizini təşkil edir.
Məlumata görə, aviaşirkətlər növbəti iki həftə üçün 46 istiqamət üzrə bütün reysləri tamamilə dayandırıb. Ən çox Osaka və Naqoya şəhərləri istiqamətində uçuşlar ləğv edilib.
Qeyd edək ki, Yaponiya ilə Çin arasında münasibətlərin gərginləşməsinə yapon Baş nazir Sanae Takaiçinin parlamentdə keçirilən debatlar zamanı Tayvanla bağlı açıqlaması səbəb olub. O bildirib ki, Tayvan ətrafında mümkün hərbi böhran “ekzistensial təhdid” ola bilər və bu Yaponiyanı “kollektiv özünümüdafiə hüququndan” istifadə etməyə məcbur edə bilər. Bu açıqlama Pekində kəskin narazılıq doğurub və Çin tərəfi Tokioya rəsmi etirazını bildirib.
Kyodo agentliyinin keçirdiyi sorğunun nəticələrinə əsasən, Yaponiya əhalisinin əksəriyyəti Baş nazirin səsləndirdiyi fikirlərin ölkə iqtisadiyyatına mənfi təsir göstərdiyini düşünür.