Avstraliyanın Sidney şəhərində Bondi çimərliyində yəhudilərin Hanuka mərasimi zamanı törədilən silahlı hücumla bağlı yeni detallar üzə çıxıb.
Moderator.az xəbər verir ki, hadisəni həyata keçirən və polis tərəfindən zərərsizləşdirilən 50 yaşlı Sajid Əkrəmin ilk aydın fotosu və pasport məlumatları ictimaiyyətə təqdim olunub.
Avstraliya polisinin məlumatına görə, Sajid Əkrəm bazar günü axşam saatlarında atəş açaraq 15 nəfəri qətlə yetirib, 40-dan çox şəxsi yaralayıb. O, hadisə yerində polis tərəfindən güllələnərək öldürülüb.
İstintaqın məlumatına əsasən, Sajidin 24 yaşlı oğlu Naved Əkrəm hücumda onunla birlikdə iştirak edib. Ağır yaralanaraq komaya düşən Naved sonradan ayıldıqdan sonra 59 maddə üzrə ittiham olunub. Ona qarşı 15 qətl, terror aktı törətmə, kütləvi yaralama və ictimai yerdə atəş açma da daxil olmaqla ağır ittihamlar irəli sürülüb.
Hindistan polisi bildirib ki, Sajid Əkrəm ölkənin cənubundakı Heydərabad şəhərindən olub və orada ticarət üzrə ali təhsil alıb. O, 1998-ci ildə tələbə vizası ilə Avstraliyaya köçüb, üç il sonra isə həyat yoldaşı Venera ilə evləndikdən sonra daimi yaşayış icazəsi alıb.
Rəsmi məlumatlara görə, Sajid Əkrəm Avstraliyaya köçdükdən sonra altı dəfə Hindistana səfər edib. Bu səfərlərin ailə və əmlak məsələləri ilə bağlı olduğu bildirilir. Son səfər 2022-ci ildə iki həftəlik olub. Hindistan hüquq-mühafizə orqanları onun radikallaşmasının Hindistanla əlaqəli olmadığını açıqlayıb.
“Əkrəmin ailə üzvləri onun ekstremist baxışlarından xəbərsiz olduqlarını bildiriblər. Radikallaşmaya səbəb olan faktorların Hindistan və ya Telangana bölgəsi ilə əlaqəsi yoxdur”, – deyə Hindistan polisi bəyan edib.
İstintaq zamanı ata və oğulun istifadə etdiyi avtomobildə iki İŞİD bayrağının tapıldığı, Sidneyin Kampsi rayonunda kirayələdikləri mənzildə isə terror təbliğatı xarakterli video materialların aşkar edildiyi bildirilib.
Avstraliya polisi həmçinin onların hücumdan əvvəl Filippinə səfər etdiyini də araşdırır. Məlumata görə, onlar noyabrın 1-də Filippinə gediblər və Mindanao adasında yerləşən Davao şəhərində olublar. Lakin Filippin hakimiyyəti onların hərbi hazırlıq keçdiyinə dair heç bir sübut olmadığını bildirib.
Hadisə ölkədə silah qanunvericiliyinin sərtləşdirilməsi ilə bağlı çağırışlara səbəb olub. Məlum olub ki, Sajid Əkrəm qanuni silah sahibi olub. Hadisə yerində dörd odlu silah, sonradan isə daha iki silah aşkar edilib.
Naveed Əkrəm barəsində həbs qətimkan tədbiri seçilməyib, lakin girov üçün müraciət etməyib. Onun növbəti məhkəmə iclası 8 aprel 2026-cı il tarixinə təyin edilib.