Yer üzündə qeydə alınmış ən yüksək səsə namizəd olan hadisə 1883-cü ildə İndoneziyada baş vermiş Krakatau vulkanının püskürməsidir.
Moderator.az bu barədə "Live Science" nəşrinə istinadən xəbər verir.
Qeydiyyata alınmış məlumatlar göstərir ki, fəlakətin səsi 3 000 kilometrdən uzaq məsafədə eşidilib, partlayış dalğası isə bütün dünyada barometrlər tərəfindən qeydə alınıb.
Məlumata görə, hadisə yerindən 160 kilometr uzaqlıqda səsin səviyyəsi təxminən 170 desibel olub ki, bu da eşitmə qabiliyyətinə zərər yetirmək üçün kifayətdir.
Vulkan püskürən ərazidən 64 kilometr aralıda olan bir gəmiyə səs o qədər güclü çatıb ki, dənizçilərin qulaq pərdələri partlayıb.
Adətən insanlar təxminən 140 desibelə qədər səslərə dözə bilirlər. Bu hədd keçildikdə səs həm ağrılı, həm də dözülməz olur. Bununla belə, 85 desibel və daha yüksək səslərə bir neçə saat məruz qalmaq belə eşitmə qabiliyyətinin zədələnməsinə səbəb ola bilər.