"Mayami danışıqları və Avropanın kənarda qalması fonunda sülh perspektivinin mürəkkəbləşir..."
ABŞ administrasiyası Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün hər iki tərəf kompromisə getməlidir.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bəyan edib.
Onun sözlərinə görə, nə Moskva müharibəyə başlayarkən qarşıya qoyduğu məqsədlərə nail olub, nə də yaxın perspektivdə hərbi qələbə real görünür. Bu fonda ABŞ və Rusiya arasında Mayamidə aparılan danışıqlar, Avropanın prosesdən kənarda qalması və Paris-Berlin xəttində artan gərginlik sülh perspektivini daha da mürəkkəbləşdirir.
"Bu müharibə güzəştlərsiz bitməyəcək"
"The Independent" nəşrinin yazdığına görə, Marko Rubio bildirib ki, müharibənin başa çatması üçün həm Rusiya, həm də Ukrayna müəyyən məsələlərdə geri addım atmalı olacaq. ABŞ hazırda tərəflərin hansı kompromislərə hazır olduğunu öyrənməyə çalışır.
Rubio qeyd edib ki, Vladimir Putin müharibənin əvvəlində qarşıya qoyduğu əsas hədəflərə çata bilməyib. Eyni zamanda o, Putinin real niyyətlərinin hələ də sual altında qaldığını vurğulayıb: razılaşma, yoxsa Ukraynanın tam nəzarətə götürülməsi.
Mayamidə ABŞ-Rusiya təmasları
Kremlin nümayəndəsi Kirill Dmitriyevin sözlərinə görə, ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı danışıqlar Mayamidə "konstruktiv: şəkildə davam edir. Görüşlər Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerlə aparılır.
Məlumata görə, Vaşinqton Moskvanı sülh planının yenilənmiş variantına razı salmağa çalışır. Rubio da müəyyən irəliləyişin olduğunu desə də, "ən çətin məsələlərin hələ qarşıda qaldığını" etiraf edib. Bu danışıqlarda Avropa liderlərinin iştirak etməməsi isə Aİ-də ciddi narazılıq doğurur.
Ehtiyatlı yaxınlaşma
Yelisey Sarayı Vladimir Putinin Emmanuel Makronla danışığa hazır olduğunu müsbət siqnal kimi dəyərləndirsə də, Paris vurğulayır ki, Kreml ilə istənilən dialoq Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə tam koordinasiya şəraitində aparılacaq.
Fransa tərəfi bildirir ki, son üç ildə Rusiya tərəfindən aparılan müharibə dialoqu faktiki olaraq mümkünsüz edib. Lakin atəşkəs perspektivi bir qədər aydınlaşdığı üçün Moskva ilə təmas ideyası yenidən gündəmə gəlib.
Parislə Berlin arasında Rusiya aktivləri mübahisəsi
"Financial Times" yazır ki, Fransa və Almaniya arasında Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın maliyyələşdirilməsi üçün istifadəsi məsələsində ciddi fikir ayrılığı yaranıb. Almaniya kansleri Fridrix Mers bu ideyanın fəal tərəfdarı olduğu halda, Emmanuel Makron son anda təşəbbüsə qarşı çıxan ölkələrin mövqeyinə yaxınlaşıb.
Avropalı diplomatların fikrincə, bu addım Fransa-Almaniya tandeminin zəiflədiyini və Avropa Birliyində liderlik balansının dəyişdiyini göstərir. Baş verənlər göstərir ki, sülhə aparan yol təkcə Moskva və Kiyev arasında deyil, eyni zamanda Vaşinqton, Paris və Berlin arasında mürəkkəb siyasi balansdan keçir. Kompromis çağırışları artsa da, real razılaşmanın şərtləri və vaxtı hələ də açıq qalır.