Tailand Kamboca ilə atəşkəs ehtimalını istisna etmir
Dünya
261
13:10, Bu gün

Tailand Kamboca ilə atəşkəs ehtimalını istisna etmir

Tailand sabah Kuala-Lumpurda ASEAN-a üzv ölkələrin xarici işlər nazirlərinin xüsusi görüşünün nəticəsində Kamboca ilə sərhəddə münaqişə zonasında atəşkəs rejiminin tətbiqi ehtimalını istisna etmir.

Moderator.az xəbər verir ki, bu barədə Tailandın Silahlı Qüvvələri və Xarici İşlər Nazirliyinin nümayəndələrinin daxil olduğu birgə mətbuat mərkəzinin yaydığı açıqlamada bildirilib.

Açıqlamada vurğulanır ki, atəşkəs yalnız Tailand hərbçilərinin vəziyyətə verdiyi qiymətləndirmə əsasında mümkün ola bilər. Tailand tərəfi toqquşmaların Kamboca tərəfindən başladıldığını iddia edərək, qarşı tərəfin atəşkəsə səmimi şəkildə hazır olduğunu açıq şəkildə nümayiş etdirməli olduğunu bəyan edib. Bildirilib ki, Tailand əvvəldən həqiqi və davamlı sülhün tərəfdarıdır, lakin bu, ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etməlidir.

Məlumata görə, Tailand ASEAN XİN rəhbərlərinin görüşündə Kambocadan sərhəd boyunca gərginliyin azaldılması ilə bağlı müzakirələrə imkan yaratmaq üçün real və açıq niyyət nümayiş etdirməsini tələb edir. Qeyd edilib ki, Kuala-Lumpurdakı görüş Tailand və Kambocanın mövqelərini dinləmək, eyni zamanda gərginliyin deeskalasiyası üçün mümkün yanaşmaları müzakirə etmək baxımından mühüm platforma olacaq.

ASEAN ölkələrinin xarici işlər nazirlərinin xüsusi görüşü Malayziyanın baş naziri Ənvər İbrahimin təşəbbüsü ilə baş tutur və dekabrın 22-də Kuala-Lumpurda keçiriləcək.

Xatırladaq ki, Kamboca ilə Tailand arasında sərhəddə atışmalar dekabrın 7-də başlayıb. Tailand Quru Qoşunlarının məlumatına görə, dekabrın 8-də Kamboca qüvvələri sərhəd zonasında artilleriya atəşinə başlayıb, buna cavab olaraq Tailand Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturuna zərbələr endirib. Döyüşlər nəticəsində Tailand tərəfdən 21 hərbçinin həlak olduğu açıqlanıb.

Kamboca öz itkiləri barədə rəsmi məlumat verməsə də, Tailand tərəfinin iddiasına əsasən, toqquşmalar zamanı 200-dən çox kambocalı hərbçi ölüb. Kambocanın Daxili İşlər Nazirliyi isə döyüşlər nəticəsində 18 mülki şəxsin həlak olduğunu bəyan edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər