Dünya
2180
20 Dec 2025 | 20:59

"Gələcəyin gözəl Qəzzası": Tramp administrasiyasının 112 milyard dollarlıq planı" - "The Wall Street Journal"

"ABŞ-ın Qəzza planı HƏMAS-ın silahsızlaşdırılması şərti ilə reallıqdan uzaq görünür..."

ABŞ administrasiyası Qəzza bölgəsinin müharibədən sonrakı bərpası üçün iddialı layihə hazırlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

"Yaxın Şərq rivyerası" ideyası və planın detalları

Nəşr yazır ki, "Project Sunrise" planı Qəzzanı dağıntılardan yüksək texnologiyalı sahil meqapolisinə çevirməyi hədəfləyir. Plan ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner tərəfindən hazırlanıb. Sənəd 32 slayddan ibarət PowerPoint təqdimatıdır və "həssas, lakin məxfi olmayan" status daşıyır.

Layihədə sahilboyu lüks otellər, sürətli dəmir yolları, "ağıllı" rəqəmsal şəhərlər, süni intellektlə idarə olunan enerji şəbəkələri, müasir xəstəxanalar və təhsil mərkəzləri nəzərdə tutulur. İlk on il üçün xərclər 112,1 milyard dollardir, ABŞ bu məbləğin təxminən 20 faizini maliyyələşdirməyə hazırdır, qalan vəsaiti isə digər donorlar və investorlar təmin etməlidir.

HƏMAS-ın silahsızlaşdırılması və təhlükəsizlik problemi

Planın həyata keçirilməsi üçün əsas şərt HƏMAS-ın tam silahsızlaşdırılması və bütün tunel infrastrukturunun ləğvidir. Təqdimatın ilk slaydında bu tələb xüsusi olaraq vurğulanıb və ABŞ tərəfi qeyd edir ki, şərt yerinə yetirilmədən bərpa prosesi başlaya bilməz.

Məhz bu səbəbdən planın reallaşması qeyri-müəyyəndir. Amerikalı ekspertlər HƏMAS-ın könüllü silah təhvil verəcəyinə şübhə ilə yanaşır, İsrail isə bu mərhələyə keçməkdən imtina edir. Həmçinin, Qəzzada yaşayan iki milyon insanın tikinti dövründə harada yerləşdiriləcəyi aydın deyil. İlk mərhələdə dağıntıların təmizlənməsi, minaların zərərsizləşdirilməsi və müvəqqəti yaşayış məntəqələrinin yaradılması planlaşdırılır.

Uzunmüddətli baxış və şübhələr

"Project Sunrise" 20 ildən artıq dövrü əhatə edir. Bərpa işlərinə Rafah və Xan-Yunis bölgələrindən başlanması, Qəzza şəhərinə isə son mərhələdə keçilməsi planlaşdırılır. Onuncu ildən sonra "yeni Qəzza" sahil turizmi hesabına öz xərclərinin bir hissəsini qarşılaya və uzunmüddətli perspektivdə 55 milyard dollardan çox gəlir əldə edə bilər.

Buna baxmayaraq, analitiklər layihənin real vəziyyətdən uzaq olduğunu bildirir, ABŞ rəsmiləri isə xarici investorların maraqsız qala biləcəyini qeyd edirlər. Tramp administrasiyasındakı bəzi dairələr hesab edir ki, dağıntılar və humanitar böhran fonunda belə nikbin və detallı baxış təqdim etmək mövcud çıxılmazlıqla barışmaqdan daha məqsədəuyğundur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər